Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Azərbaycan çempionatının qalibləri müəyyənləşib Ümumkomanda hesabında “Rabitə” 1-ci, “Gilan” 2-ci, “Neftçi” isə 3-cü yeri tutub
Fərdi
14 Yanvar , 2015 10:16
Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Bakı. 14 yanvar. REPORT.AZ/ Şağan Olimpiya Kompleksində boks üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub. "Report"un Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yarışda 150-dən çox idmançı 10 çəki dərəcəsində qalib adı uğrunda mübarizə aparıb. 

Milli komandanın bir çox aparıcı boksçusu çempionata qatılmayıb. Onların bəziləri “Baku Fires” klubunun heyətində WSB Liqasının yeni mövsümünə hazırlaşırlar. Cavid Çələbiyev (56 kq), Tamerlan Abdullayev (69 kq) və Məhəmmədrəsul Məcidovu (+91 kq) isə AİBA Pro Boxing turnirində növbəti görüşlər gözləyir. 

Qaliblərə gəldikdə, 49 kq çəki dərəcəsində Salman Əlizadə qızıl medala sahib olub. 2011-ci ilin Avropa çempionu finalda Hacıbaba Fərziyevi məğlub edib.

Gənclər arasında dünya birinciliyinin qalibi Məsud Yusifzadə 52 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Rabitə” klubunun üzvü həlledici görüşdə Azərbaycan Kubokunun qalibi Araz İmaməliyevi üstələyib. 

İlk dəfə böyüklər arasında yarışda iştirak edən Tayfur Əliyev (56 kq) finalda uzun illər seçmə komandanın kapitanı olmuş Rəhim Nəcəfovu məğlub edib. 

60 kq çəki dərəcəsində "Gilan" klubunun üzvü Elvin İsayev isə həlledici qarşılaşmada Gəncə boksçusu Vüsal Verdiyev üzərində qələbə qazanıb. 

64 kq çəkidə Elnur Əliyev 1-ci, Xəzər Əliyev isə 2-ci nəticə göstərib. 

69 kq çəki dərəcəsində Elvin Quliyev mübarizəsiz qalib adını qazanıb. Onun rəqibi Roman Zakirov zədələndiyi üçün rinqə çıxa bilməyib. 

Haybulla Musalovla (75 kq) Kamran Şahsuvarlının görüşündə birinci qalib gələrək qızıl medala sahib çıxıb. 

81 kq çəki dərəcəsində Rauf Rəhimov Vətən Hüseynlini üstələyərək çempion olub.

Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) öz çəkisində 1-ci olduğunu sübut edib. Millinin üzvü Rahil Məmmədlidən güclü olub. 

Nəhayət, superağır çəki dərəcəsində Asəf Aslanlı zədələndiyi üçün qələbə Kamran Mehdiyevə verilib.

Qeyd edək ki, ümumkomanda hesabında “Rabitə” 1-ci, “Gilan” 2-ci, “Neftçi” isə 3-cü yeri tutub. 

Son xəbərlər

Orphus sistemi