Bakı. 9 fevral. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq turnirə yekun vurulub.
"Report"un məlumatına görə, Azərbaycanı yarışda 3 boksçu təmsil edib.
52 kq çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə moldovalı Aleksandr Rışkan və türkmənistanlı Bayramxan Permanovu məğlub edərək, finala vəsiqə qazanıb. O, həlledici görüşdə Tunis təmsilçisi Montassan Əl Banalidən üstün olaraq, yarışın baş mükafatına layiq görülüb.
Bu dəfə fərqli çəkidə (64 kq) mübarizə aparan Elvin İsayev ilk mərhələdə moldovalı Vladislav Çuqui üzərində qələbə qazansa da, ikinci görüşdə qazaxıstanlı Ayan Kalibekova uduzub.
Cavid Quliyev isə (69 kq) ilk qarşılaşmada rusiyalı Hacımurat Mikailova məğlub olaraq, yarışdan kənarda qalıb.
Qeyd edək ki, turnirdə Azərbaycanı hakim qismində Emil Qurbanəliyev təmsil edib.