Bakı. 15 oktyabr. REPORT.AZ/ Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Azərbaycan boksçuları 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb. "Report"un məlumatına görə, bu gün keçirilən final qarşılaşmalarında Elvin Məmişzadə (52 kq) ilə Albert Səlimovun (60 kq) rəqibləri kubalılar olub.
Məmişzadə Yosbani Veytianı hər 3 raundda yenərək, karyerasında ilk dəfə dünya çempionu olub. Əvəzində Albert Səlimov Lazaro Alvareslə qarşılaşmada zədə üzündən sonadək döyüşə bilməyib. Nəticədə ikinci raundda döyüş saxlanılıb və Alvares qalib elan olunub. Əvvəllər Rusiya yığmasının heyətində dünya və Avropa çempionluğu qazanmış Səlimov millimizin tərkibində gümüş medalla kifayətlənib.
Daha öncə Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, Elvin Məmişzadə Azərbaycanın boks üzrə dördüncü dünya çempionudur. Daha öncə Ağası Məmmədov (2003), Məhəmmədrəsul Məcidov (2011, 2013) və Cavid Çələbiyev (2013) planetin ən güclüsü olub.