Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 medal qazanıb Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında keçirilən beynəlxalq turnir yekunlaşıb.
Fərdi
27 İyun , 2022 11:17
Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 medal qazanıb

Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında keçirilən beynəlxalq turnir yekunlaşıb.

Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, milli komanda 12 ölkədən 212 idmançının qatıldığı yarışı 3 qızıl və 4 gümüş medalla başa vurub.

Ağası Məmmədovun rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət yığmanın 2 boksçusu çempion tutuluna yiyələnib. 54 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədəli Aşırəliyev finalda Florin Kaldararu (Rumıniya) ilə döyüşüb və 5:0 hesabı ilə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məhəmmədəli Qasımzadə (57 kq) də finalda komanda yoldaşının uğurunu təkrarlayıb. Avropa birinciliyinin mükafatçısı həlledici görüşdə bolqarıstanlı Viktorio İliyevlə gücünü yoxlayıb. Döyüşü 5:0 hesabı ilə aktivinə yazan boksçu turniri birinci yerdə başa vurub.

Tacı Nəsibov (50 kq) isə yalnız finalda məğlub olaraq ikinci yeri tutub.

Baş məşqçi Yadigar Məmmədovun rəhbərlik etdiyi qızlardan ibarət millinin heyətində isə Emili Rzayeva (70 kq) bütün rəqiblərindən güclü olub. O, finalda Maria Tanaseskuya (Rumıniya) qalib gələrək Azərbaycan himnini səsləndirib.

Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (50 kq) və Aynur Mikayılova (52 kq) turniri gümüş medalla başa vurublar.

Beləliklə, yarışa 8 boksçu ilə yollanan Azərbaycan millisi 7 medala sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi