Bakı. 23 may. REPORT.AZ/ Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçılar müəyyənləşib. "Report"un məlumatına görə, həlledici görüşə vəsiqə qazananlar arasında Azərbaycan milli komandasının 4 üzvü də var.
Daha 2 boksçu isə yarımfinalda uduzaraq, bürünc medala sahib olub. 60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finala gedən yolda Ermənistan təmsilçisi Koryan Asteyanı yenib - 3:0. O, finalda Türkiyə idmançısı Tuğrulhan Erdemirlə qarşılaşacaq.
80 kq-dan yuxarı çəkidə çıxış edən Məhəmməd Abdullayev də finaldadır. O, yarımfinalda Gürcüstanın erməni əsilli təmsilçisi Artyom Yordanyanı məğlub edib - 3:0. Abdullayev finalda ukraynalı Akeksandr Xristevlə üz-üzə gələcək.
Cavid Hüseynov (48 kq) da yarımfinalda qalib gəlib. Hüseynov irlandiyalı Lorkan Harleksi üztələyib - 2:1. O, qızıl medal uğrunda görüşdə ukraynalı Artyom Demyanenko ilə görüşəcək.
Niyaməddin Allahverdiyev (52 kq) isə yarımfinalda şotlandiyalı Deklin Daffı məğlub edib - 3:0. Onun finaldakı rəqibi ingiltərəli Çarli Frankam olacaq.
Orxan Həsənov (54 kq) və Səid Məlikov (70 kq) yarımfinalda uduzaraq, bürünc medalla kifayətləniblər.