Azərbaycan avarçəkəni Avropa çempionatında 9-cu yeri tutub
- 08 sentyabr, 2022
- 14:02
Azərbaycan avarçəkəni Ziya Məmmədzadə Belçikanın Mexelen şəhəri yaxınlığındakı Hazevinkel bazasında 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş Avropa çempionatında çıxış edib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Məmmədzadə 1 nəfərlik yüngül çəkili qayıqla 2 000 metr məsafəyə yürüşə qatılıb. O, təsnifat mərhələsində 7 dəqiqə 45,67 saniyə nəticə ilə öz yürüşünün iştirakçıları arasında 5-ci, təsəlliverici yürüşdə 7 dəqiqə 28,92 saniyə göstərici ilə 3-cü yeri tutaraq, B finalına yüksəlib.
Son mərhələdə isə azərbaycanlı avarçəkən finiş xəttinə 7 dəqiqə 28.93 saniyəyə çataraq, 3-cü olub və yekun nəticədə Avropa çempionatını 9-cu sırada başa vurub.
Qeyd edək ki, Avropa çempionatında 30 ölkənin 200-dən çox avarçəkəni mübarizə aparıb.