Azərbaycan ağırlıqqaldırması ağır durumda - Yenidənqurma nə vəd edir?

Azərbaycan ağırlıqqaldırması ağır durumda - Yenidənqurma nə vəd edir? 2017 -ci ildə bu idman növündə 6 antidopinq qayda pozuntusu aşkarlanmışdısa (bunlardan 4-ü AMADA, 2-i isə IWF tərəfindən aşkarlanıb), 2018-ci ildə bu rəqəm 2, 2019-cu ildə 5, 2020 və 2021-ci ildə isə 1 olub. Yəni son iki ildə cəmi 2 antidopinq qayda pozun
Fərdi
21 Avqust , 2021 13:21
Azərbaycan ağırlıqqaldırması ağır durumda - Yenidənqurma nə vəd edir?

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərov ötən həftə qurumun tamamilə yenidən təşkil olunması ilə müvafiq əmr imzalayıb.

"Report"un məlumatına görə, səbəb kimi federasiyanın vəzifəli şəxslərinin xidməti vəzifələrini keyfiyyətsiz yerinə yetirmələri göstərilib. Artıq bu istiqamətdə ilk addımlar atılıb və baş məşqçi Asif Məmmədovla baş katib Rizvan Rəsulov istefaya göndərilib.

Bildirilib ki, rəhbərliyin vəziyyətin yaxşılaşdırılması ilə bağlı çoxsaylı tapşırıqlarına baxmayaraq, əməkdaşlar öz işlərinə səhlənkar yanaşmağa davam ediblər: "Federasiya işçilərinin məsuliyyətsiz münasibəti, eləcə də idmançıların antidopinq qaydalarına məhəl qoymaması Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ciddi cərimə sanksiyaları tətbiq etməsinə səbəb olub. Təkcə son dövrdə Beynəlxalq və Avropa Ağır Atletika Federasiyaları altı dəfə Azərbaycanın ağırlıqqaldıranlarının dopinqdən istifadə hallarını qeydə alıb".

Cahangir Əsgərov deyib ki, atılan addımlar və görülən tədbirlər müsbət nəticəyə gətirib çıxarmayıb və vəziyyəti düzəltməyib. O, dəyişikliklərin gələcəkdə daha yaxşı idman nəticələrinə nail olmağa kömək edəcəyinə inandığını vurğulayıb.

Azərbaycanda ağırlaqqaldırma yaxşı günlərini yaşamır. Bunu dopinq qalmaqalları, diskvalifikasiyalar, Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil olunmamaq, həmçinin elə Cahangir Əsgərovun məlum qərarı da sübut edir. Bəs, niyə ölkədə bu idman növü dopinq qalmaqalından xilas ola bilmir? Ümumiyyətlə, problemin kökündə nə dayanır?

"Dəyişikliklərə hər zaman ehtiyac var"

AAAF-ın sabiq prezidenti Şüa Hüseynov "Report"a açıqlamasında əvvəlcə yenidən təşkil olunma qərarını şərh edib. Hüseynovun sözlərinə görə, bu, idmançıların çıxışı və qalmaqallar fonunda atılmış addımdır: "Hazırda federasiyada vəziyyətin nə yerdə olduğunu mən də dəqiq bilmirəm. Cahangir Əsgərovun federasiyanın yenidən təşkil olunması barədə qərarı, yəqin ki, ağırlıqqaldıranların çıxışı və dopinqlə bağlı məsələdir. Ağırlıqqaldırmada indiki durum elə də yaxşı deyil. İstadadlı uşaqların hamısı dopinq-testdə ilişdilər, idmandan kənarlaşdırıldılar. Amma yeni gələn gənc nəsil də yaxşıdır, Avropa və dünya çempionatında uğur qazanırlar. Çıxışlarını qənaətbəxş saymaq olar. Gələcəklə bağlı onu deyə bilərəm ki, Allah özü köməyimiz olsun. Yəqin ki, federasiya iclas keçirəcək, yeni məşqçilər, rəsmi şəxslər təyin olunacaq və onlarla işləməyə davam edəcəklər. Gedib xaricdən mütəxəssis gətirməyəcəklər ki... Yerli mütəxəssislərlə məşçilər heyətini yeniləyəcəklər".

Keçmiş federasiya prezidentinin fikrincə, dəyişikliklərə hər zaman ehtiyac var: "Əvvəlki idmançıların çıxışı zəif idi, yaxşı nəticə qazana bilmirdilər. Fikrimcə, federasiya özü öz problemlərini həll edə bilir. Əsas Gənclər və İdman Nazirliyidir. Qurum nəinki ağırlıqqaldırmanı, digər idman sahələrini də inkişaf etdirməlidir. İdmanın inkişafı üçün çoxlu bölmə açılmalı, ciddi nəzarət olmalıdır. Kütləvilik yoxdursa, həmin növ heç cür inkişaf edə bilməz. Xaricdən "avara"ları gətirib hərəsinə 10-15 min verirlər. Bununla idmanı yüksəltmək olmaz. İdmanımızın inkişafı öz doğma balalarımıza yüsksək səviyyədə qayğı göstərilməsindən asılıdır. Onlar da vaxtı çatanda nəticə verəcəklər”.

"Gənclər dopinqdən istifadə etdikdən sonra, deyirlər ki, bu, nə yaxşı şeydir"

Hüseynov bildirib ki, problemin kökündə dopinq məsələsi dayanır: "Bu isə təkcə Azərbaycanda deyil, dünya səviyyəsində bəladır. İdmançılar hər zaman qadağan olunmuş maddələri qəbul ediblər, indi də qabul edirlər. Sadəcə, beynəlxalq federasiyalar yeri gələndə kimlərəsə güzəştə gedir, yaxud da cəzalandırır. Dopinq hallarının qarşısını almaq lazımdır ki, idmançılar aşağı yaşlardan bundan istifadə etməsinlər. Çünki sonra deyirlər ki, bu, nə yaxşı şeydir. Məşqçilər də bu istiqamətdə maksimum dərəcədə çalışmalıdırlar. Ümumdünya Ağırlıqqaldırma Federasiyasınının (IWF) əvvəlki prezidenti Tamaş Ayan elə də güclü funksioner deyildi, fırıldaqçının biri idi. Ondan əvvəlkilər yaxşı işləyirdilər. Mən 1974-cü ildə beynəlxalq dərəcəli hakim statusu alanda sənədləşmə işləri 10 ABŞ dollarna başa gəlirdi. Amma Ayan bunu 150-200 dollara edirdi. Əvvəllər bu statusu 4 ildə bir nəfərə verirdilər. Amma Ayanın vaxtında 50 adamın adı və hərəsi üçün 200 dollar göndərsəydik, hamısına beynəlxalq hakim statusu verərdi. Onun qarşısında bir məsələ dururdu: çoxlu pul yığmaq. Gəlib düşmüşdü IWF-yə, özü üçün kef edirdi".

"Bəzilərini cəzalandırırlar, bəzilərinə isə göz yumurlar"

Son vaxtlar ağırlıqqaldırmada daha çox postsovet ölkələrinin idmançılarına qarşı sanksiyaların tətbiq olunmasına da toxunan keçmiş federasiya prezidenti bunu belə izah edib: "Ümumiyyətlə, beynəlxalq idman təşkilatlarında bütün güc onların rəhbərlərinin əlindədir. Onların hansı ölkələrin federasiyaları ilə münasibətləri qaydasında deyilsə, onların idmançılarını cəzalandırırlar. Yəni, ürəkləri istəyəndə idmançılara əziyyət verirlər, bəzən də neqativ hallara göz yumurlar. Yüksək nəticə göstərən idmançıların hamısı mütləq dopinq qəbul edir. Çünki 200-250 kiloqram çəkini dopinqsiz qaldırmaq çətin məsələdir. Sadəcə, bəzilərini cəzalandırırlar, bəzilərini isə cəzasız qoyurlar. Bu da az öncə dediyim kimi, yerli federasiyaların beynəlxalq qurumla münasibətlərindən asılıdır. Lazım gələndə Ayan kimi adamları ələ almaq olurdu. Əslində prosedur eynidir: hamıdan analiz götürürlər. Sadəcə, özlərinə sərf etməyəni pozitiv çıxarırlar. Güc və sürət tələb edən idman növlərində dopinqdən çox istifadə olunur. Məsələn, dopinq şahmatçının nəyinə lazımdır? O vaxt idmançılar yarışdan 2 ay əvvəl dopinq qəbul edirdi, ona görə bilinmirdi. Amma indi texnika yüksək səviyyədə inkişaf etdiyindən, bunu gizlətmək olmur”.

"Problemlərin səbəbləri arasında dopinq və daxili korrupsiya durur"

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bildirib ki, ağırlıqqaldırma idman növündə olan problemlər hamıya aydındır və qlobal səviyyədə hazırda aktualdır: "Xronoloji statistikaya baxsaq, görərik ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) Rio-2016 Yay Olimpiya Oyunlarına nisbətdə Tokiodakı yarış üçün bu idman növündə lisenziyaların sayını 260-dan 196-ya endirib. 2024-cü ildə Parisdə keçiriləcək Oyunlar üçün isə bu rəqəm 120-dək azaldılacaq. IOC IWF tərəfindən söz verilmiş islahatları çoxdan gözləyir və bu yaxınlarda dəyişdirilmiş əsasnaməni ictimaiyyətə açıqlayıb. Orada qeyd edilir ki, ağırlıqqaldırma olimpiadadan tamamilə xaric edilə bilər. Bu problemlərin bir çox səbəbi arasında dopinq və daxili korrupsiya durur. Ümumilikdə, bu idman növündə mövcud olan qlobal problemlərdən savayı, bütün elit idman növlərində hər zaman sistemi aldatmaq istəyənlər olacaq. Mən deyə bilmərəm ki, biz bunun qarşısını tamamilə ala biləcəyik. Amma çox işlər görürük, o cümlədən, test etmə və maarifləndirmə işləri aparırıq ki, bu vəziyyəti yaxşılaşdıraq. Ümumilikdə inanıram ki, qlobal dünya səviyyəsində bu idman növündə ciddi islahatlar olacaq”.

"Bu sahədə aparılan araşdırmalar, test tədbirləri öz müsbət nəticələrini verməkdədir"

Hüseynlinin sözlərinə görə, Azərbaycanda ağırlıqqaldırma idman növü üzrə qalmaqallar son illərdə səngiyib: "İllər üzrə antidopinq qayda pozuntularının, AMADA-nın fəaliyyət göstərdiyi son beş ilin statistikasına nəzər salsaq, vəziyyətin müsbətə doğru xeyli dəyişdiyini görərik. 2017 -ci ildə bu idman növündə 6 antidopinq qayda pozuntusu aşkarlanmışdısa (bunlardan 4-ü AMADA, 2-i isə IWF tərəfindən aşkarlanıb), 2018-ci ildə bu rəqəm 2, 2019-cu ildə 5, 2020 və 2021-ci ildə isə 1 olub. Yəni son iki ildə cəmi 2 antidopinq qayda pozuntusu aşkarlanıb ki, onların da biri AMADA, biri isə IWF tərəfindən üzə çıxarılıb. Bu sahədə ciddi dopinq nəzarəti həyata keçirilir. Əldə olunan müsbət dəyişiklərin əsas səbəbi də kompleks antidopinq tədbirlərdir. Bu sahədə aparılan araşdırmalar, test tədbirləri öz müsbət nəticələrini verməkdədir. Ölkədə o cümlədən də AAAF-da geniş antidopinq maarifləndirmə proqramı həyata keçirilir. Antidopinq qayda pozuntularının aşkarlanması və qarşısının alınması istiqamətində federasiya ilə səmərəli əməkdaşlıq qurulub. Deyə bilərəm ki, federasiyadan bu məsələyə həssas yanaşmanı müşahidə edirik".

"Ağırlıqqaldırma pul tələb edən idman növüdür"

İTV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimovun fikrincə, belə qərar federasaiyada dəyişikliyə ehtiyac olduğu üçün qəbul edilib: "Deməzdim ki, bu, sırf dəyişiklik xatirinə atılmış addımdır. Yəqin, özləri nələrinsə dəyişdirilməli olduğunu daha yaxşı bilirlər. Amma bizdə yaxşı uşaqlar da var, yetişirlər. Yenə də hər şeyin kökündə maliyyə dayanır. Ağırlıqqaldırma pul tələb edən idman növüdür. Çünki orada idmançıya baxmaqdan çox şey asılıdır. Onun qidalanması, dərmanları var. Dopinq məsələsi isə elədir ki, bunu nəzarətdə saxlamaq çox çətindir. Hər dəfə siyahı yenilənir. Adi bir dərman qəbulu sonradan antidopinq qaydalarının pozulması kimi dəyərləndirilir. Ümid edək ki, dəyişikliklər bu idman növünün xeyrinə olacaq”.

"Əvvəllər Tamaş Ayanla “yaxşı” münasibətlərimiz olub"

Tanınmış telejurnalist ağırlıqqaldırmanın başıbəlalı idman növü olduğunu deyib: "Bu, hər zaman belə olub. Məsələn, dopinqə görə Valentin Xristovun Londonö-2012 Yay Olimpiya Oyunlarında qazandığı medalı əlindən alındı. Nizami Paşayevin də başına dəfələrlə belə hadisə gəlib. Hiss olunur ki, əvvəllər Tamaş Ayanla “yaxşı” münasibətlərimiz olub. Tez-tez Bakıya gəlirdi. Ağırlıqqaldırmada bu cür məsələləri nəzarətdə saxlamaq çox çətindir. Söhbət təkcə bizim federasiyadan getmir. Yadımdadır, Yanko Rusev millinin baş məşqçisi olanda Nicat Rəhimovun atası müsahibəsində demişdi ki, komandada biabırçı hadisələr baş verir. Dərmanlar üçün pul ayrılır, Rusev isə Bolqarıstandan ucuz preparat alıb gətirirdi. Boyanka Kostovanın başına gələnləri də qeyd edə bilərəm. Fikrimcə, o, Tokio olimpiadasında iştirak etsəydi, mütləq medal qazanacaqdı. Qurunun oduna yaş da yandı və digər idmançılar da yarışdan kənarda qaldılar".

"Ağırlıqqaldırmanın olimpiadanın proqramından çıxarılacağını proqnozlaşdırıram"

Dopinq qalmaqalının təkcə Azərbaycanda yox, bütün dünyada aktual olduğunu xatılrladan Hakimov bildirib ki, vəziyyət ağırlıqqaldırmanın olimpiadadan xaric edilməsinədək gətirib-çıxara bilər. "Çünki bu idman növünün imici yaxşı deyil, çoxsaylı qalmaqallara görə ləkəli idman növüdür. Gələcəkdə ağırlıqqaldırmanın olimpiadanın proqramından çıxarılacağını proqnozlaşdırıram. Medalları ən çox geri alınan idmançılar ağırlıqqaldırmada olur. Bizim də başımıza dəfələrlə gəlib. Sanksiyaların daha çox postsovet ölkələrinə tətbiq olunması məsələsi də maraqlı baxış bucağıdır. Tamaş Ayan vəzifədə olarkən hiss olunurdu ki, son vaxtlar bizə qarşı münasibəti dəyişib, əvvəlki kimi deyil”.

"Tofiq Heydərov Azərbaycan ağırlıqqaldırmasına töhfə verməyə çalışırdı"

AAAF-ın sabiq vitse-prezidenti Tofiq Heydərovun federasiya prezidenti olduğu dövrdəki fəaliyyətini də qiymətləndirən departament rəhbəri onun müsbət yöndə nəsə etmək istədiyini vurğulayıb: "Bu, aşkar hiss olunurdu. “Zirvə” İdman Klubunun təşkilatçılığı ilə müxtəlif yarışlar keçirilirdi. Yəni, Tofiq müəllim Azərbaycan ağırlıqqaldırmasına töhfə verməyə çalışırdı, bu növə marağı var idi. Amma ümumi danışsaq, ağırlıqqaldırmada problem birtərəfli deyil. Nəinki bizdə, bütün dünyada bunun reputasiyası problemlidir. Vəziyyəti nəzarətdə saxlamaq çox çətindir. Dəfələrlə olub ki, idmançı A testini verib, iki ildən sonra B testini açıblar və qanında dopinq tapıldığını deyiblər. Futbolda, voleybolda belə problem olmur. Ağırlıqqaldırmada isə çəkini və əzələ kütləsini axlamaq asan deyil. Bunun üçün icazə verilən və verilməyən preparatlar var. Bəzən bilərəkdən, bəzən də bilməyərəkdən idmançı qadağan olunmuş maddəni müxtəlif həblərin tərkibində qəbul edir”.

"Yığmaya əcnəbi mütəxəssisin gətirilməsinin tərəfdarıyam"

Hakimovun sözlərinə görə, Azərbaycanda bu idman növünün hər zaman ənənəsi olub və yeni idmançılar yetişir: "Sadəcə, düzgün yanaşma, planlaşdırma və təbii ki, maliyyə lazımdır. Məncə, idmançı dopinqdə ilişirsə, bunu günahı məşqçilərdədir. Çünki dərmanlara və digər məsələlərə məşqçi nəzarət etməlidir. Ona görə də mütəxəssislər savadlı olmalıdırlar. 2016-cı ildə yaradılan AMADA-nın işini yüksək qiymətləndirirəm, federasiyalarla sıx əlaqədə olurlar. O vaxt isə belə bir qurum yox idi. Ümid edək ki, bunun nəticəsində dopinq bəlasından qurtula bilərik. Amma dediyim kimi, problem təkcə bizdə deyil, bütün ölkələrdə var. Mənə elə gəlir ki, bizə çox güclü məşqçi lazımdır. Nizami Paşayevin vaxtında da nəticələr olub. Amma indiki məqamda əcnəbi mütəxəssisin olmasının tərəfdarıyam. Daim beynəlxalq komissiyalarla əlaqədə olmalı, hadisələri diqqət mərkəzində saxlamalıdır. Bilmirəm, bəlkə Azərbaycanda da belə mütəxəssislər var. Bu, çox vacib amildir. Məşqçi bütün yeniliklərdən xəbərdar olmalıdır. Bəlkə də federasiyadakı dəyişikliklər bununla bağlıdır. Məsələyə konkret olaraq, ciddi yanaşılmalıdır. Kostovanın dopinqdə ilişməsində federasiyanı nə dərəcədə qınamaq olar, bunu bilmirəm. Günahlarının olub-olmadığını bilmək üçün detalları araşdırmaq lazımdır. Amma hiss olunur ki, idmançılar üzərində nəzarət güclü deyil. Bunu mütləq aradan qaldırmaq lazımdır. Dopinq məsələləsinə ciddi yanaşılsa, səhlənkarlığa yol verilməsə. bu, mütləq nəticələrdə öz əksini tapacaq”.

Son xəbərlər

Orphus sistemi