Azad Rəhimov: "İşini bacarmayan federasiya prezidenti istefa verməlidir" - MÜSAHİBƏ

Azad Rəhimov: "İşini bacarmayan federasiya prezidenti istefa verməlidir" - MÜSAHİBƏ "Onu məcbur edə bilmərik, özü bu barədə düşünməlidir"
Fərdi
23 Oktyabr , 2017 15:39
Azad Rəhimov: İşini bacarmayan federasiya prezidenti istefa verməlidir - MÜSAHİBƏ
Report/ Elshan Baba

Bakı. 23 oktyabr. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimovun "Report"a eksklüziv müsahibəsi


- Daha bir ili başa vurmaq üzrəyik. İlk 9 ay ərzində 584 medal qazanılıb. Ümumiyyətlə, 2017-ci ili necə dəyərləndirirsiniz və qalan müddətdə medal sayında ötənilki rekord həddi - 834 medalı ötmək mümkün olacaqmı?

- Hər zaman Yay Olimpiya Oyunlarından sonrakı il sakit dövr adlandırılır. Çünki tanınmış, ən yüksək nailiyyətlər əldə etmiş idmançılar özlərinə istirahət verirlər. İndi nəticədən danışmaq çətindir. İnanmıram ki, ötən illə müqayisədə medal sayı az olsun. Təxminən eyni sayda olacaq. Çünki yarışlar çox idi. Təkcə IV İslam Həmrəyliyi oyunlarında 162 medal qazanılıb. Biz nailiyyətləri medalla sayırıq. Bu, birmənalıdır. Lakin olimpiadadan sonrakı ildə xeyli medal gözləməməliyik. Bununla belə, idmançılarımız gözəl çıxış edirlər. Bu il ilk dəfə cüdo üzrə gənclərdən ibarət yığmamız Avropa çempionu oldu. Bu, böyük nəticədir. Stolüstü tennisdə nəticələr var. İnanıram ki, badmintonda da yenilik olacaq. Qadın voleybol yığmamız Avropa çempionatında 4-cü yeri tutdu. Həndbolda irəliləyişlər var. Bunu Azərbaycan çempionatının səviyyəsi də göstərir. 

- 2017-ci ildə Azərbaycanda 28 beynəlxalq yarış keçirilib. Onlardan hansını xüsusi qeyd edə bilərsiniz?

- Ölkədə keçirilən beynəlxalq yarışların təşkilatçılıq səviyyəsinin yüksək olmasına çalışırıq. Qadın voleybolçular arasında Avropa çempionatı çox yüksək səviyyədə keçirildi. Bunu bütün komandalar və Avropa Voleybol Konfederasiyasının prezidenti xüsusi qeyd etdi. IV İslam Həmrəyliyi Oyunları və Formula 1 üzrə Azərbaycan Qran Prisində təşkilatçlıq çox yüksək səviyyədə oldu. Böyük gərginliklə voleybola baxırdıq. İslamiadanı da yaddan çıxarmamalıyıq. Formula 1 üzrə ümumilikdə 20 Qran Pri arasında ən cəlbedicisi Bakıda keçirildi. Bu, Beynəlxalq Avtomobil İdmanı Federasiyası rəhbərliyinin təhlilidir və bizim üçün çox sevindiricidir. Əsas böyük tədbirlər bunlardır.

- Böyük tədbirlərdən biri də yaxınlarda oldu. Bakıda Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyası keçirildi. Həmin vaxt qurumun prezidenti Maurisio Süleyman bildirdi ki, Azərbaycan WBC-yə üzv olub. Ancaq hələlik Azərbaycanda Peşəkar Boks Assosiasiyasının yaradılması barədə məlumat yoxdur...

- Əslində belə bir qurum var. Sadəcə, çoxdan qeydiyyatdan keçib və heç bir fəaliyyət göstərmir. Assosiasiyanın rəhbərliyi dəfələrlə dəyişib. Qurum adından çıxış edəcək peşəkar boksçularımız da yox idi. Biz cənab Prezidentin tapşırığına əsasən, onun yenidən yaradılmasına köməklik göstərməyə hazırıq. Keçmiş rəhbərliklə görüşmüşük. Onlar dedilər ki, fəaliyyətlərini dayandırmağa, yeni rəhbərlik bu işi aparmaq istəsə, öz səlahiyyətlərini bitirməyə və həmin şəxslərə verməyə razıdırlar. Bu, ictimai birliyin işidir. Biz sadəcə, köməklik göstərə bilərik. Bu qurum işə başlayanda, ilk addımı WBC-yə üzvlük olmalıdır. Hələlik milli assosiasiya üzvlük üçün WBC-yə sifariş verilib. Maurisio Süleyman artıq Azərbaycanın təşkilatın 166-cı üzvü olduğunu açıqlayıb. Sənədləşmə işləri yekunlaşan kimi biz WBC-yə rəsmən üzv ola bilərik. Növbəti addımlar dövlətdən asılı deyil. Peşəkar boksda sponsorlar və özəl şirkətlər köməklik göstərə bilərlər. Artıq Azərbaycan Boks Federasiyası (ABF - red.) adından çıxış etməyənlər, fikirlərini dəyişib peşəkar boksa keçmək istəyənlər bu assosiasiyaya qatıla bilərlər.

- Kəmaləddin Heydərov hazırda ABF-nin prezidentidir. Onun Peşəkar Boks Assosiasiyasının da prezidenti olması mümkündür?

- Biz ABF ilə danışmışıq. Fikrimiz budur ki, həvəskar və peşəkar boks federasiyaları ayrılıqda fəaliyyət göstərməlidir. Birgə olmağın yeni qurumun inkişafına nə dərəcədə köməklik göstərəcəyi sual altındadır. Həm də ABF-nin yeni strukturunda peşəkar boks departamenti nəzərdə tutulub. Məncə, həmin departamentlə Peşəkar Boks Assosiasiyasının birgə işi azərbaycanlı idmançılara bu sahədə köməklik göstərə bilər.

- Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun 2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatının finalında məğlub etdiyi böyük britaniyalı Entoni Coşua artıq peşəkar boksla məşğuldur. Coşua bir müddət əvvəl Vladimir Kliçko kimi döyüşçüyə qalib gəldi. Elə isə Məcidov niyə də peşəkar boksda iştirak etməsin?

- Bizim üçün çox vacib məsələ olimpiya növləri, olimpiadalardır. Məcidov artıq üçqat dünya çempionudur. Bu, çox böyük nailiyyətdir və cənab Prezident tərəfindən də yüksək qiymətləndirilib. Bizim də, Məcidovun da istəyi odur ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında iştirak etsin. Bu səbəbdən, 2020-ci ilə qədər peşəkar boksa keçməsi gündəmdə deyil. Ancaq hazırda həvəskar boksda çıxış etməyən, yaşları imkan verən idmançılar karyeralarını peşəkar boksda davam etdirə bilərlər.

- Peşəkar boksa keçmək arzusunu ifadə edənlər olub?

- Tədbirlərdə bizimlə birgə olan bütün təcrübəli boksçularımız, məsələn, Fərhad Acalov peşəkar boksla məşğul olmağa cəhd edir. Həmçinin, keçmiş olimpiya mükafatçılarımız bu işə cəlb oluna, həvəskar boksda hakim və ya məmur kimi işlərini davam etdirə bilərlər. Amma burada da onların köməyi bizim üçün çox vacibdir.

- Azərbaycanda 80-dən çox federasiya fəaliyyət göstərir. Hazırda onlardan bir çoxu maliyyə çətinliyi yaşayır. Gənclər və İdman Nazirliyi imkan daxilində müəyyən yarışlara dəstək versə də, federasiyaların bəziləri hətta fəaliyyətlərini dondurma həddinə çatıblar. Federasiyaların, loru dildə desək, cibdən asılılığını məhdudlaşdırmaq üçün Türkiyədəki kimi mərc oyunları hesabına, yəni "hovuz sistemi"nin yaradılması və oradan maddi dəstəyin göstərilməsi mümkündür?

- Bizim mərc oyunlarında faiz alan "Azəridmanservis" şirkəti daim çoxlu sayda federasiyalara kömək edir. Bu proses davamlıdır. Vəsaitlərin hara xərcləndiyi şəffaf şəkildə saytda yerləşdirilir. Bu gün fəaliyyət göstərən 86 federasiyadan 25-26-sı şərq döyüş növləri üzrədir. Onların adları fərqli olsa da, mahiyyətcə bir-birlərini təkrarlayırlar. 11 il öncə qərara aldıq ki, Şərq Döyüş Növləri Federasiyaları Şurası yaradaq. Hazırda bütün karate federasiyaları bu Şuranın üzvüdürlər. Şuranın sədri isə millət vəkili, tanınmış karateçi Ülvi Quliyevdir. Bu federasiyaların rəhbərlərinə ilk gündən deyilib ki, maliyyələşdirilmələri tam olaraq, nazirlik tərəfindən aparıla bilməz. Birincisi, bunlar qeyri-olimpiya növləridir. Biz olimpiya növlərinə üstünlük veririk. Burada bütün təlim-məşq toplanışları, yarışlara hazırlıq və iştirak, vitaminləşdirmə, klinikalarda müayinə və müalicə daha vacibdir. Amma şərq döyüş növləri üzrə federasiyalara da müəyyən vəsait nəzərdə tutulub. Şərt qoyulub ki, imkanları varsa, hər bir yarışda iştirak edə, istədikləri zalı kirayə götürə bilərlər. İmkanları yoxdursa, nazirlik konkret olaraq, il ərzində gənclər və böyüklər arasında bir Avropa və bir dünya çempionatını maliyyələşdirə bilər. Amma bütün yarışların maliyyələşdirilməsi bizim büdcə imkanlarımızın daxilində deyil. Bunlar açıq formada onlara deyilib. Yeni federasiyalar açılır. Biz nə deyə bilərik? İctimai birlikdir, açırlar. Lakin həmin federasiya düşünməlidir ki, fəaliyyətə başladıqdan sonra nəyin hesabına yaşayacaq? Onlar tam şəkildə büdcədən maliyyələşdiriləcəklərini düşünürlərsə, bu, tamamilə səhv fikirdir. Büdcəmiz onların hamısına köməklik göstərməyə imkan vermir. Lakin şərtlərimizlə razılaşan federasiyalar üçün vədimizi yerinə yetiririk.

- Yeri gəlmişkən, növbəti ilin dövlət büdcəsində Gənclər və İdman Nazirliyi üçün vəsaitin artırılması nəzərdə tutulub?

- Xeyr. Nazirlik son 5-6 ildə eyni büdcə ilə fəaliyyət göstərib. Çalışırıq ki, bu vəsait düzgün bölünsün, bizim üçün əsas sayılan istiqamətlərə yönəldilsin. Buna da nail oluruq.

- Yəni, devalvasiyadan sonra da artım yoxdur?

- Heç bir artım yoxdur.

- Adətən, maddi problemlər yarandıqda, ilk növbədə, vəsaiti idmandan kəsməyə başlayırlar...

- Sözsüz ki, belə məsələlər mövcuddur. Lakin xüsusən olimpiya növü üzrə federasiyalar sponsorlar hesabına maliyyələşirlər. Bu, bütün dünyada belədir. Bəzi banklar, iri şirkətlər daim idmana kömək edirlər, etməlidirlər də. Bu, ümumi - xalq üçün, bayrağımızı ucaltmaq üçün görülən işdir. Biz sponsorları daim öz köməklərini əsirgəməməyə çağırırıq. Amma nazirliyin büdcəsindəki vəsait də bölgüyə əsasən verilir.

- Azərbaycanda federasiyaların əksəriyyətinə dövlət məmurları rəhbərlik edirlər. Onlardan hansısa işindən azad olunanda prezidenti olduğu federasiya çətinliklərlə üzləşir. Məsələn, Ziya Məmmədov nəqliyyat naziri kimi səlahiyyətlərini itirməyə başladığı vaxt Voleybol, həmçinin, oğlu Anar Məmmədovun rəhbərlik etdiyi Qolf federasiyalarında problemlər başladı. Belə halların qarşısını almaq üçün hansısa tədbirin görülməsi nəzərdə tutulub?

- Bunun qarşısını almağın yolu yoxdur. Biz həvəskar idman adlandırırıq, amma idmançı sevdiyi növlə peşəkar səviyyədə məşğul olur. Belə olan halda bu insan yaşamalı, maaş almalı, tələbatları qarşılanmalıdır. Çünki digər yerdən qazancı yoxdur, bütün günü məşqlərdə və yarışlardadır. Nazirlik idmançılara maaş verə bilməz. Bizim Əsasnamə buna heç cür icazə vermir. Maliyyə olsa da, verə bilmərik. Əsasnaməyə görə, nazirlik yalnız öz işçilərinə maaş verməlidir. Federasiya prezidenti zalların kirayəsini də düşünməlidir. "Bunu bacarmıram, edə bilmirəm" deyən federasiya prezidenti istefa verməlidir. Bu, birmənalıdır. Onu məcbur edə bilmərik. Özü düşünməlidir ki, mən bunu bacarmıram. Məsələn, həndbol, qolf və ya qılıncoynatma növlərində federasiya prezidenti deyir ki, bu gün mənim o imkanım yoxdur. Yaxud da bildirir ki, ona bu işə köməklik edən şirkətin artıq elə də imkanı yoxdur. İstəyir ki, federasiya prezidenti vəzifəsindən azad olunsun. Belə hallarda o, ərizə ilə müraciət edir və federasiya səsvermə yolu ilə həmin şəxsi vəzifəsindən azad edir.

- Güləş kimi aparıcı idman növündə problemlər var idi. Karate "Tokio-2020"nin proqramına salınıb, orada da çatışmazlıqlar müşahidə olunur. Bu növlərdə hansısa dəyişiklik gözlənilir?

- Hazırda güləşdə heç bir problem görmürəm. İşlər gedir, güləşçilərimiz gözəl çıxış edir və yaxşı nəticələr göstərirlər. Elə bu yaxınlarda Dağıstanda Qitələrarası Kubokda yaxşı çıxış etdilər. Müvəqqəti çətinlikləri var idi və məndə olan məlumata görə, hamısı həll olunub. Karateyə vaxtilə Azərbaycan Beynəlxalq Bankı kömək edirdi. Lakin bankın yeni strukturunda idmana dəstək imkanı, maliyyənin ayrılması nəzərdə tutulmayıb. Çalışırıq ki, karateyə özümüz kömək edək. Onların büdcəsini artırmışıq. Çünki karate artıq olimpiya növüdür. Başa düşürük ki, bəzi problemləri var. Bu, bizim işimiz olmasa da, çağırış edirik ki, imkanı olan, banka və ya şirkətə sahib hər bir şəxs Azərbaycan Milli Karate Federasiyasına öz təklifini verə, prezident, vitse-prezident ola və ya İcraiyyə Komitəsinin üzvü seçilə, quruma köməklik göstərə bilər. Düşünürəm ki, bu, çox şərəfli işdir. Dəfələrlə çağırışlar olub. Kim istəyirsə, bu idman növünü sevirsə, öz təklifi versin. Məncə, bunu federasiyanın hazırkı rəhbərliyi də çox istərdi.

- Yəni, gəlib federasiya prezidenti Yaşar Bəşirovu da əvəzləyə bilərlər?

- Bəşirov bir federasiya prezidenti, icraçı direktor kimi qala, konkret, məşq prosesi, idmançılarla, yığma ilə məşğul ola bilər. Yaxud maliyyə, karatenin regionlarda inkişafı və s. məsələləri həll etməsi mümkündür. Yəni, formalar müxtəlifdir. Əsas odur ki, struktur yaradılsın və maliyyə dəstəyi olsun.

- Azərbaycan Qılıncoynatma Federasiyasında bir ayın içində iki dəfə prezident seçkisi oldu. Qurumun I vitse-prezidenti Yaşar Məmmədovun oğlu, qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisi İlqar Məmmədov "Report"a müsahibəsində bildirib ki, Nazim İbrahimov avqustda yenidən federasiya prezidenti seçildikdən sonra yaşadığı Moskvadan Azərbaycana gəlib, görüşlər keçirib və nəticədə sentyabrda yenidən prezident seçkisinə qərar verilib...

- İlqar Məmmədov Bakıya dostunun toyuna gəlmişdi. Federasiyada yenidən seçkilərin keçirilməsini Yaşar Məmmədovla və onun oğlunun Bakıya gəlməsi ilə əlaqələndirmirəm. Avqustda seçki oldu və Nazim İbrahimov yenidən prezident seçildi. Bundan sonra nazirliklə gələcək fəaliyyət planları qurmağa çalışdı. Həmin vaxt Nazim müəllim etiraf etdi ki, hazırda onun federasiyaya lazımi dəstək göstərmək imkanı yoxdur. Hansısa şirkət cəlb edilmişdi, köməklik göstərirdi. Lakin artıq həmin şirkət fəaliyyət göstərmir. Belə olan halda, o, öz ərizəsini yazdı və bildirdi ki, bu işləri davam etdirə biləcək insan varsa, vəzifəsini tərk etməyə hazırdır. Yəni, burada iki dəfə seçki məsələsi olmayıb. İbrahimov 10 ildən artıq idi ki, federasiyaya rəhbərlik edirdi.

- Onlar bu ilin avqust ayında yeni seçki olduğunu və Nazim İbrahimovun prezident seçildiyini elan etmişdilər...

- Nizamnaməyə əsasən, hər bir dövrdən sonra seçkilər olmalıdır. Avqustda seçki oldu. Sonra biz planlara baxdıq. Qarşıda "Tokio-2020" var. Nəzərdə tutulan planlar göstərdi ki, həmin rəhbərlik qılıncoynatmanın inkişafına lazımi səviyyədə dəstək ola bilmir. Ona görə də yeni prezident seçildi.

- Mikayıl Cabbarovun rəhbərliyi altında qılıncoynatma növbəti olimpiada üçün iddialı idman növü olacaq?

- Biz belə düşünürük. Siz İlqar Məmmədovu yada saldınız. Düşünürük ki, bir azərbaycanlı kimi onun da köməyi dəyə bilər. O, işi tam şəkildə qura biləcək və dünya səviyyəsində tanınmış məşqçini bizə təklif edə bilər. Bu sahədə də irəliləyişin olacağına inanırıq.

- Azərbaycan Milli Avarçəkmə Federasiyası 2007-ci ildən fəaliyyətdədir. Lakin hələ də Bakıda məşq və yarış imkanları yaradılmayıb. Baxmayaraq ki, uzun müddət bu istiqamətdə ümidverici açıqlamalar verilməkdədir...

- Yeni kanalın tikilməsi nəzərdə tutulmayıb və belə bir ideyamız yoxdur. Sadəcə, Xəzər dənizinin sahilində, hardasa Dənizkənarı Milli Park ərazisində dayağımız olmalıdır. Yüngül tikili inşa edilməlidir ki, qayıqların saxlanılması, idmançıların soyunub-geyinmələri üçün şərait olsun. Bayraq Meydanının yanında təbii sahə var. 40-50 il əvvəl Xəzər buxtasında hava küləksiz olduqda avarçəkənlərimiz məşq edirdilər. Onları yenidən orada görmək istəyirik. İkinci ideya Xocahəsən gölüdür. Bakıda bir dayağın olması bizə mütləq lazımdır. Ona görə ki, 120 min əhalisi olan Mingəçevirdə bu idman növünü inkişaf etdirmək çətindir. Cənab Prezident bu işə razılıq verib. Beynəlxalq Kanoe Federasiyasından xahiş etmişik ki, onlar tərəfindən mütəxəssis gəlsin və baxsın ki, bulvarda hansı yer daha əlverişlidir. Yəni, bu işin üzərində işləyirik. Düşünürük ki, yaxın vaxtlarda nə isə edə biləcəyik.

- Amma artıq bir il keçsə də, heç bir nümayəndə gəlməyib...

- Biz gözləyir, danışıqlar aparırıq. 

- Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) yaradıldıqdan sonra dopinqə qarşı mübarizə istiqamətində hansı dəyişikliklər baş verib?

- Bu, tam şəkildə beynəlxalq tələblərə cavab verən Milli Anti-Dopinq Agentliyidir. Dopinqlə mübarizə sahəsində bütün məsələlərlə artıq AMADA məşğul olur. Böyük işlər görülür. Bütün federasiyalarla görüşlər keçirilir, idmançılarla təbliğat işləri aparılır, qadağan olunmuş maddələrin siyahısı hər gün təqdim olunur. Seçilən idmançılara gündəlik nəzarət var. Bir neçə yarış bizim agentliyə həvalə olunub. Yəni, qurumun nüfuzu var, ona inanırlar. Həm Azərbaycanda, həm də Gürcüstanda keçirilən bəzi yarışlarda bizim dopinq zabitlərimiz işləyiblər, analizlər götürüblər. Gələn il Ümumdünya Anti-Dopinq Agentliyinin Konfransı Bakıda keçiriləcək. Bu da böyük etimaddır. Bizim qısa müddət ərzində yaradılan agentliyimiz öz fəaliyyəti ilə kifayət qədər nüfuz qazanıb. Ona görə də bu konfrans məhz Azərbaycanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi