Gender Bərabərliyi Komissiyasının növbəti iclası keçirilib

Gender Bərabərliyi Komissiyasının növbəti iclası keçirilib İyulun 8-i və 9-da Avropa Şurası Gender Bərabərliyi Komissiyasının 17-ci iclası keçirilib.
Fərdi
277
9 İyul , 2020 22:47
Gender Bərabərliyi Komissiyasının növbəti iclası keçirilib

İyulun 8-i və 9-da Avropa Şurası Gender Bərabərliyi Komissiyasının 17-ci iclası keçirilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) “Report”a verilən məlumata görə, videokonfrans formatında keçirilən iclasda 2018-2023-cü illər Gender Bərabərliyi Strategiyası, COVID-19  pandemiyasının yaratdığı böhranın qadınlar və gender bərabərliyinə təsiri və digər mövzular müzakirə edilib.

Tədbirdə iştirak edən Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru, Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli çıxış edib. Ş.Hüseynli bildirib ki, antidopinq sahəsində son illərdə gender bərabərliyinin təmin olunmasında tərəqqi nəzərə çarpsa da, effektiv bərabərliyin təmin edilməsi üçün fəaliyyətin gücləndirilməsinə ehtiyac var.

İki günlük tədbirin sonunda Avropa Şurası Gender Bərabərliyi Komissiyasının 17-ci iclasının yekununa dair sənəd qəbul edilib.

Xatırladaq ki, AMADA-nın direktoru Şəfəq Hüseynli ötən ilin oktyabrında Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 48-ci iclasında qəbul edilmiş qərara əsasən Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib.

Qeyd edək ki, Ş.Hüseynli Avropa Şurasının CAHAMA çərçivəsində “Antidopinq Sahəsində Gender Bərabərliyinin İnkişafı” layihəsinə başlayıb. Layihənin məqsədi antidopinq sahəsində gender bərabərliyini dəstəkləməkdir. Layihənin icrası antidopinq təşkilatlarında gender balansı ilə bağlı vəziyyətin və qərarların qəbul edilməsində gender bərabərliyinin nəzərə alınma səviyyəsinin öyrənilməsinə şərait yaradacaq və qarşıya çıxan problemlərin həllinə imkan verəcək.