​Avropa Şahmat İttifaqının prezidenti: "Azərbaycan millisi olimpiadada qızıl medal uğrunda yarışmağa qadirdir" - MÜSAHİBƏ

​Avropa Şahmat İttifaqının prezidenti: "Azərbaycan millisi olimpiadada qızıl medal uğrunda yarışmağa qadirdir" - MÜSAHİBƏ "Arkadi Naydiçin gəlişi ilə Azərbaycan millisi daha da güclənəcək"
Fərdi
16 Sentyabr , 2015 14:16
​Avropa Şahmat İttifaqının prezidenti: Azərbaycan millisi olimpiadada qızıl medal uğrunda yarışmağa qadirdir - MÜSAHİBƏ

Bakı. 16 sentyabr. REPORT.AZ/ Avropa Şahmat İttifaqının prezidenti, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin sabiq kapitanı Zurab Azmayparaşvili Bakıda keçirilən Dünya Kuboku haqda fikirlərini bildirib. "Report" Dünya Kubokunun mətbuat xidmətinə istinadən müsahibəni təqdim edir...

- Dünya Kubokunda artıq 1/16 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib. Turnirin ilk nəticələri barədə nə düşünürsünüz?

- Ayrı-ayrılıqda şahmatçılar haqda danışmaq istəməzdim. Rəqabət çox yüksək olduğundan, proqnoz vermək mümkün deyil. Ümumiyyətlə, Dünya Kuboku hər zaman sürpriz nəticələrlə zəngin olub. Həm gənc, həm də yaşlı nəslin nümayəndələri sona qədər mübarizə aparır. Təşkilatçılıq barədə ancaq xoş sözləri deyə bilərəm. Dünya Kuboku Bakının gözəl otellərindən birində keçirilir. Əvvəlki yarışlarda olduğu kimi, Azərbaycan Dünya Kubokunu da yüksək səviyyədə təşkil edir.

- Bir müddət Azərbaycan millisinin kapitanı olmusunuz və şahmatçıları yaxşı tanıyırsınız. Dünya Kubokunda azərbaycanlı şahmatçıların oyunlarını izləyirsiniz?

- Bütün görüşlərə baxıram. Məni Qədir Hüseynov yaxşı mənada təəccübləndirir. 1/32 finalda çox yaxşı oynadı. Kifayət qədər güclü rəqib sayılan David Navaraya qalib gəlmək asan deyil. Özü də "tay-brek"ə ehtiyacı olmadı. Hüseynov Dünya Kubokuna uğurlu start götürüb.

- Eltac Səfərli və Vasif Durarbəylinin yarışı erkən tərk etməsi sizi təəccübləndirmədi?

- Eltac səviyyə və təcrübə baxımından bərabər rəqiblə oynadı. Fikrimcə, Səfərli hər şeyi iki partiyada həll etməli idi. Bu rəqiblə oyunda "tay-brek"ə ehtiyac yox idi. Duelin taleyini "tay-brekə" saxlamaqla səhvə yol verdi. Eltac bu mərhələni keçməyə qadir şahmatçıdır. Durarbəyli bir qədər gəncdir. Ona görə də ilk mərhələdə uduzmasını normal qarşıladım.

- Şəhriyar Məmmədyarov xanım şahmatçı Hyou Yifanla iki partiyada bərabər oynadı. İndi onları "tay-brek" gözləyir...

- Məmmədyarov böyük təcrübəyə malikdir. İkinci görüşdə qalib gəlməyə yaxın idi. Yəqin risk etmək istəmədi. Mən düşünürdüm ki, o, qələbə qazanacaq və istirahət günündə rahat dincələcək. Amma "tay-brek" qaçılmaz oldu. Şəhriyar Hyou Yifanı yaxşı tanıyır. Bununla belə, səhv etdi və qələbə qazana bilmədi.

- Eyni zamanda, digər şahmatçımız Teymur Rəcəbov da İsrail təmsilçisi İlya Smirinlə heç-heçə oynadı. Sizcə, "tay-brek"də kim daha çox şanslıdır?

- Rəcəbov hələ ki, 2004-cü ildə Tripolidə keçirilmiş yarışın planı üzrə hərəkət edir. Onun üçün ilk oyunlar bir qədər çətin oldu. Bununla belə, Rəcəbov şahmat lövhəsi arxasında pis vəziyyət almayıb. Normal oynayır və "tay-brek"də hər şeyi həll edir. Dünya Kuboku kimi yarışlarda hər bir şahmatçının öz strategiyası var. Əsas nəticədir. Kim o nəticəni necə qazanır - bu, artıq ikinci məsələdir. Sürətli şahmatda Teymuru daha şanslı sayıram, çox yaxşı oynayır. Fikrimcə, bu dueldən 1/16 finala vəsiqə Teymura qismət olacaq. Hərçənd Smirin sona qədər mübarizə aparmağı bacarır.

- Azərbaycan millisi artıq ikiqat Avropa çempionudur. Bununla belə, olimpiadalarda medal qazanmaq mümkün olmur...

- İlk dəfə çempion olanda millidə kapitan kimi çalışırdım. Azərbaycan millisi hər zaman güclülərdən sayılıb. Gələn il olimpiadada siz ilk mükafatınızı qazanacaqsınız. Hər halda bunun üçün gözəl imkan var. Şahmat olimpiadası Bakıda keçiriləcək. Sadəcə, komanda kimi mübarizə apararaq uğur qazanmaq lazımdır. 2016-cı ildə Azərbaycan millisi qızıl medal uğrunda yarışmağa qadirdir.

- Almaniya millisində çıxış edən Arkadi Naydiç bundan sonra Azərbaycan komandasında çıxış edəcək. Sizcə, onun gəlişi komandanı gücləndirəcək?

- Hazırda Azərbaycan millisində çalışmıram. Ona görə də şərh verməyim düz olmaz. Arkadi Naydiç gözəl insan və güclü şahmatçıdır. Onun gəlişi Azərbaycan millisini daha da gücləndirəcək. İşinə peşəkar yanaşan insandır. Qafqazlılar kimi emosional deyil. Azərbaycan millisinə nə qədər faydalı olacağını zaman göstərəcək.

Son xəbərlər

Orphus sistemi