Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
“Report”un məlumatına görə, 26 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.
Əliabbas Rzazadə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan güclü olub. Qitə çempionlarının duelindən Əliabbas Rzazadə 4:3 hesablı qələbə ilə ayrılıb.
Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 12-yə yüksəlib. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadaya lisenziya əldə etmişdi.
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ikinci görüşünə çıxıb.
“Report” xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan Avropa çempionu 1/4 finalda türkiyəli Süleyman Atlı ilə qarşılaşıb.
Rəqibi üzərində 6:0 hesablı qələbə qazanan 26 yaşlı idmançı yarımfinala yüksəlib. Rzazadə bu raundda şimali makedoniyalı Vladimir Yeqorovla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) 1/4 finala, Hacı Əliyev (65 kq) yarımfinala adlayıb. Georgi Meşvildişvili (125 kq) isə mübarizəyə 1/4 finaldan qoşulacaq.
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
“Report” xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan Avropa çempionu təsnifat mərhələsində italiyalı Simone Piroddu ilə qarşılaşıb.
Rəqibi üzərində 11:0 hesablı inamlı qələbə qazanan 26 yaşlı idmançı 1/4 finala yüksəlib. Rzazadə bu raundda türkiyəli Süleyman Atlı ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Hacı Əliyev (65 kq) isə 1/4 finala adlayıb.