Yuxarı

Avropa kuboku yarışında daha bir medal qazandıq

90 kq çəki dərəcəsində çıxış edən Tural Səfquliyev bürünc medal qazanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub.

"Report"un məlumatına görə, mötəbər turnirdə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində çıxış edən Tural Səfquliyev yarımfinala gedən yolda rusiyalı Rüstəm Əmirmetov, hollandiyalı Miçel Verhagen və gürcüstanlı Tornike Jugeliyə qalib gəlib. Yarımfinalda Belarus təmsilçisi İlhar Zhukauya məğlub olsa da, Hollandiya cüdoçusu Daks Beysbruk üzərində qələbə qazanaraq bürünc medal qazanıb.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Alimli və Ziya Namazov Avropa kubokunda 7-ci olublar.

Digər cüdoçularımız – Elvin Əhmədli (81 kq), Məmmədəli Mehdiyev, Vasif Şərbətli (hər ikisi 90 kq), Musa Şəkərəliyev, Firudin Dadaşov və Cəlil Şükürov (hər üçü 100 kq) mübarizəni erkən dayandırıblar.

Bununla da, cüdo üzrə Azərbaycan milli komandası Bolqarıstanın paytaxtı Sofiyada baş tutmuş Avropa kubokunda 1 qızıl, 2 bürünc medala sahib olub. Ölkəmizə qızıl medalı Oruc Vəlizadə (60 kq), bürünc medalları isə İlkin Babazadə (66 kq) və Tural Səfquliyev (90 kq) qazandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi