Avropa çempionu Rauf Məmmədov: "Benzinim qurtardı və zəif çıxış etməyə başladım" - MÜSAHİBƏ

Avropa çempionu Rauf Məmmədov: "Benzinim qurtardı və zəif çıxış etməyə başladım" - MÜSAHİBƏ "Bu, futbol deyil, basketbol deyil"
Fərdi
21 İyul , 2015 11:42
Avropa çempionu Rauf Məmmədov: Benzinim qurtardı və zəif çıxış etməyə başladım - MÜSAHİBƏ

Bakı. 21 iyul. REPORT.AZ/ Şahmat üzrə Avropa çempionu Rauf Məmmədovun "Report"a müsahibəsi:

- Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə yaxşı çıxış etsəniz də, Naxçıvanda bunun davamı gəlmədi. Səbəb nə idi?

- Şəmkirdə Maqnus Karlsenə məğlubiyyət mənə çox pis təsir etdi. Düzdür, dünya çempionuna uduzmaq eyib deyil. Amma belə məğlubiyyətdən çox pis oldum. Bununla belə, Naxçıvanda da çıxış etməyə qərar verdim. Məncə, bu, çox səhv qərar idi. Çünki 4 turdan sonra, necə deyərlər, benzinim qurtardı və zəif çıxış etməyə başladım. Şəmkirdəki ağır turnirdən, psixoloji cəhətdən mənfi təsir edən partiyadan sonra gərək oynamayaydım. Amma oynadım və təəssüf ki, dünya şahmatçılarının reytinqində 14 xal itirdim. Ümumiyyətlə, mənim üçün Naxçıvandakı turnirlər pis alınır. Orada qatıldığım hər iki turnirdə çox pis oynamışam.

- Hazırda formada olduğunuzu demək olar?

- Düzü, deyə bilmərəm. Avqustun 3-də İstanbula gedərək, "Beşiktaş" klubunun heyətində Türkiyə liqasında mübarizə aparacağam. Sonra da Aleksandr Xalifmanın rəhbərliyi altında məşqlərimizi davam etdirəcəyik. Sentyabrın 10-dan oktyabrın 5-dək Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşacağıq. Bu yarışa 6 şahmatçı hazırlaşacağıq. Hamımız Dünya Kubokunda çıxış edəcəyik.

- Son vaxtlar Teymur Rəcəbov səhhəti ilə əlaqədar bəzi yarışlara qatıla bilmir. Onun Dünya Kubokunda iştirakı təsdiqlənib, yoxsa...?

- Əlbəttə, Teymur oynayacaq. Məncə, bu, 100 faizdir. Amma şəxsən onun problemi yoxdur. Yaxın qohumları ilə bağlı problemi var. Teymurun özü normaldır. Amma çoxdandır yarışlarda çıxış etmir.

- Bu yaxınlarda onunla görüşmüsünüz?

- Xeyr, çünki hamı yarışlarda olur. İndi də Dünya Kubokuna hazırlaşır.

- Debüt repertuarınızı genişləndirmək fikriniz yoxdur?

- Var. Bir az genişləndirmişəm də. Şəmkir turnirində qədim hind müdafiəsi ilə oynamırdım.

- Dünya Kuboku Bakıdakı "Fairmont" hotelində təşkil olunacaq. Yeni məkan sizə problem yaratmayacaq?

- Bu, futbol deyil, basketbol deyil. Burada əhvali-ruhiyyə bir az fərqli olur. Çünki şahmatda "Rauf, irəli!" deyə qışqıra bilmirsən. İndiyədək 3 dəfə Dünya Kubokunda çıxış etmişəm. Onların heç birində ilk mərhələni keçə bilməmişəm. Ümid edirəm ki, Bakıda bir az yaxşı çıxış edəcəyəm.

- Yığmamıza yeni idmançı qoşulub: Arkadi Naydiç. Səncə, buna ehtiyac var idimi?

- Mən bu suala cavab vermək istəmirəm (gülür).

- Amerikada turnirdə iştirak etdiniz. Bu yarış necə keçdi?

- Amerika turniri Las-Veqasda keçirilirdi. 6 turdan ibarət idi. Birinci turnir 6 tur idi, Sonuncu 3 oyunda heç-heçə etdim, ona görə də 5-ci yeri bölüşdürdüm. Düzü, hazırlığım yaxşı keçdi. ABŞ-la saat fərqi var. Bizdə gündüz olanda orada gecə, orada gündüz olanda burada gecə olur. Turnirdə bütün əmsala görə birinci oldum. Amma "tay-brek"də uduzaraq, ikinci yerə çıxdım. Çox normal keçdi və Naxçıvanda itirdiyim reytinqdən bir az qaytardım. Orada 12 reytinq xalı yığdım.

- Bu il komandalararası Avropa çempionatı da keçiriləcək. Son vaxtlar öyrəşmişik: Azərbaycan yığması Avropa çempionatlarından medalsız qayıtmır. Bəs, bu dəfə yeni heyət üzvləri ilə medal qazanmaq mümkün olacaq?

- Avropa çempionatı qitənin ən böyük yarışıdır. Bütün güclü şahmatçılar Avropada çıxış edir. Əlbəttə, çalışacağıq. Biz favoritlərdən biriyik, Avropa çempionuyuq və məncə, yenidən yaxşı çıxış etmək üçün böyük şanslarımız var. Hansı yeri tutacağımızı bilmirəm. Amma çalışacağıq ki, yaxşı çıxış edək.

Son xəbərlər

Orphus sistemi