Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rumıniyalı Kriştian Biroya qalib gəlib.
92 kq-dakı Abdulcəlil Şabanov eyni raundda gürcüstanlı Andro Marqişviliyə, 125 kq-dakı Vahit Qalayev onun həmyerlisi Solomon Manaşviliyə uduzub. Şabanov sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaqsa, Qalayev bu şansdan məhrum olub.
Belə ki, yarımfinal görüşündən sonra güləşçilər arasında dava düşdüyü üçün həm gürcü, həm də azərbaycanlı idmançı diskvalifikasiya olunub.
Manaşvili final, Qalayev isə bürünc uğrunda görüşə çıxmayacaq.
Azərbaycanın üç sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, 74 kq-dakı Turan Bayramov, 92 kq-dakı Abdulcəlil Şabanov və 125 kq-dakı Vaxit Qalayev bu raundadək irəliləyib.
Bayramov finala gedən yolda Kristian Bironun (Rumıniya), Şabanov Andro Margişvilinin (Gürcüstan), Qalayev isə Solomon Manaşvilinin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.
61 kq-dakı Ayxan Abdullazadə və 86 kq-dakı Fərid Cabbarov ilk görüşlərində məğlub olublar. Onlar rəqibləri finala çıxsa, sabah təsəlliverici görüşə qatılacaqlar.
Bu gün, həmçinin, 65 kq-da Rəşid Babazadə, 70 kq-da Maqomed-Başir Xaniyev və 97 kq-da İslam İlyasov qızıl medal uğrunda mübarizə aparacaq. Onlar finalda, müvafiq olaraq, Xamzat Arsamerzoyev (Fransa), Hayk Papikyan (Ermənistan) və Oktay Çiftçi (Türkiyə) ilə güləşəcəklər. 57 kq-da Nurəddin Novruzov və 79 kq-da Səbuhi Əmiraslanov bürünc medal qarşılaşmalarına çıxacaqlar. 3-cü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa) / Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, Əmiraslanov isə digər Ermənistan təmsilçisi Narek Qriqoryanla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl qadın güləşçilərdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərindən isə Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıb.