Azərbaycan yunan-Roma güləşçisi Murat Lokyaev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 97 kq çəki dərəcəsində rəqib avstriyalı Daniel Kastl olub. Rəqibinə 1:4 hesabı ilə uduzan Lokyayev 5-ci yeri tutub.
Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub. Milli komanda üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb.
Ümumilikdə isə Azərbaycan komandaları Avropa çempionatında 16 medal əldə edib. Sərbəst güləş millisindən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşində isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.
Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 82 kq çəki dərəcəsində rəqib Gürcüstan təmsilçisi Gela Bolkvadze olub.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə Avropa çempionu olub.
O, əvvəlki qitə çempionluqlarını 2011 və 2020-ci illərdə əldə edib. Hüseynovun aktivində 2021-ci ilin dünya çempionluğu da var.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması aktivinə 8-ci medalı yazıb.
Qeyd edək ki, aprelin 2-də Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala yiyələnib. Bu gün isə Rafiq Hüseynovdan əvvəl Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq) və Ülvi Qənizadə (72 kq) bürünc medala sahib çıxıb. Daha bir bürünc medalı isə Murat Lokyayev (97 kq) qazana bilər.
Azərbaycan yunan-Roma güləşçisi Ülvi Qənizadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 72 kq çəki dərəcəsində rəqib litvalı Kristupas Sleyva olub. Rəqibinə 14:7 hesabı ilə qalib gələn Qənizadə Azərbaycana 7-ci medalı qazandırıb.
Azərbaycan yunan-Roma güləşçisi Həsrət Cəfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində rəqib serbiyalı Sebastyan Nad olub.
Rəqibinə 8:1 hesabı ilə qalib gələn Cəfərov böyüklərin yarışında ilk dəfə nüfuzlu yarışda mükafatçılar sırasında yer alıb. 19 yaşlı pəhləvan 2021-ci ildə gənclər arasında Avropa və dünya çempionu, eləcə də U-23 dünya çempionatının qalibi olub.
Bununla da Azərbaycan klassik güləşçilərinin Avropa çempionatında medal sayı 6-ya çatıb.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası 5-ci medalını qazanıb.
"Report"un məlumatına görə, günün ilk medalını 60 kq çəki dərəcəsində Murad Məmmədov qazanıb. Məmmədov 3-cü yer uğrunda görüşdə rumıniyalı Razvan Arnautu məğlub edib - 5:2.
Bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi medal qarşılaşmalarına çıxacaq.
Qeyd edək ki, aprelin 2-də Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala yiyələnib.