"Avropa Su İdmanı Federasiyası rəsmiləri ilə geniş və məhsuldar görüş keçirdik".
"Report" xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) prezidenti Zaur Əliyev Bakı Su İdman Sarayında jurnalistlərlə görüşü zamanı deyib.
Qurum rəhbəri Avropa Su İdmanı Federasiyasının prezidenti Antoniu Silvanın Bakıya gəlişinin səbəblərindən danışıb:
"Onların ölkəmizə təşrif buyurması, təbii ki, sevindirici haldır. Əsas məqsəd Azərbaycanda su idmanı növlərinin inkişafına nail olmaqdır. Avropa Su İdmanı Federasiyası ilə əməkdaşlığı müzakirə etdik. Qarşı tərəflə geniş və məhsuldar görüşümüz baş tutdu. Bildiyiniz kimi, ölkəmizdə üzgüçülüyün 5 növü mövcuddur. Hər bir növlə bağlı ayrıca inkişaf planı hazırlamağı düşünürük".
O, Azərbaycanda üzgüçülüyün kütləviliyinə nail olmağa çalışdıqlarını söyləyib:
"Əsas müzakirə mövzularından biri Azərbaycanda üzgüçülüyün kütləviliyinə nail olmaqla bağlı idi. Başqa ölkələrin hansı proqram üzərində işlədiyini müzakirə etdik. Onların hər birini incələyib, Azərbaycanda tədbiq etməyə çalışacağıq. Bununla bağlı daha əvvəl Gənclər və İdman Nazirliyi layihə həyata keçirmişdi. Orta məktəb şagirdlərinin üzgüçülüyə cəlb olunması üçün addımlar atılmışdı".