Millimizin baş məşqçisi: "Biz şou aləmində deyilik" - MÜSAHİBƏ

Millimizin baş məşqçisi: "Biz şou aləmində deyilik" - MÜSAHİBƏ Aslan Ağayev: "Mariya Stadnikin ailə məsələləri ilə bağlı danışmaq istəmirəm. Lazım olsa, özü cavab verər"
Fərdi
29 Aprel , 2021 15:31
Millimizin baş məşqçisi: Biz şou aləmində deyilik - MÜSAHİBƏ
Aslan Ağayev

Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aslan Ağayevin "Report"a müsahibəsi

- Polşanın paytaxtı Varşavadakı Avropa çempionatını 50 kq çəki dərəcəsində Mariya Stadnikin qazandığı bir qızıl medalla başa vurdunuz. Nəticə sizi qane edir?

- Əvvəlcə yarışa necə hazırlaşmağımızdan danışmaq istəyirəm. Qitə çempionatından əvvəl Macarıstanın paytaxtı Budapeştdə Avropa Olimpiya Təsnifat Turniri keçirildi. Ondan əvvəl Macarıstanda toplanışda idik. Lisenziyasının olmasına rəğmən, Stadnik də bizimlə birlikdə idi. Təsnifat yarışından sonra Göygöldə hazırlıq prosesində olduq və taktiki-texniki məşqlər etdik. Stadnik pandemiya ilə əlaqədar iki ilə yaxındır ki, hansısa yarış və təlim-məşq toplanışında iştirak etmirdi. Artıq o, bizimlə iki dəfə toplanışda olub. Nəticələr çox vaxt istədiyimiz kimi olmur. Amma çempionluğu çox istəyirdik, çünki Mariya olimpiadada iştirak edəcək. Bu qızıl medal onun üçün stimul oldu. Yaxşı da güləşdi, Avropanın ən güclüləri ilə mübarizə apardı. Rahat deməzdim, amma böyük hesablı qələbə qazandı. Bu, bizi sevindir. Stadnik hazırda Bakıda təlim-məşq toplanışındadır. Mayın 19-dan Bolqarıstanda təlim-məşq toplanışında iştirak etməyi planlaşdırırıq. Daha əvvəl 6 - 9 mayda Sofiyaya lisenziya turnirinə gedəcəyik. Orada hər şey aydın olacaq və olimpiada üçün planlarımızı quracağıq.

- Digər qadın güləşçilərin hansından Avropa çempionatında medal, tesnifat yarışında isə lisenziya gözləyirdiniz?

- Ən çox Elis Manolovadan (68 kq) gözləyirdik. Elisi Avropa çempionatına sırf medal qazanması üçün buraxmamışdıq. İstəyirdik ki, daha 3-4 görüş keçirsin. Ona görə ki, Dünya Olimpiya Təsnifat Turnirində iştirak etməlidir. Manolovadan başqa İrina Netrebaya (65 kq) da inam çox idi. O da 5-ci yeri tutdu. Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) təsnifat yarışına qatılacağı üçün Avropa çempionatını buraxdı. Çəki salmaq barədə çətinlik olduğundan, biz olimpiadanı əsas götürdük.

- Mariya Stadnikdən "Tokio-2020"də yalnız qızıl medal gözləyirsiniz, yoxsa digər nəticələri də sizi qane edəcək?

- Mariya 4-cü dəfə olimpiadada güləşəcək. Əvvəlki 3 yarışın 2-də gümüş, 1-də isə bürünc medal əldə edib. Biz hamımız - bütün Azərbaycan xalqı istəyir ki, medalın əyarı qızıl olsun. Bu temp və hazırlıqla getsə, inanırıq ki, olimpiya çempionu olacaq. Bundan əvvəl 2019-cu il dünya çempionatında bütün rəqiblərini məğlub edərək, qızıl medal qazandı.

- Mariya Stadnik əvvəllər Ukraynada məşq edirdi, indi isə daha çox Azərbaycandadır. Bunun səbəbi nədir?

- Olimpiada öncəsi yanımızda olmalıdır. Müəyyən şeylər var ki, onlar bizə aid deyil. Özündən soruşsanız deyər. Mariya həmişə yanımızda olub. Biz yığma komanda olaraq, harada toplaşsaq, Stadnik də yanımızda idi. Bütün toplanışlara qatılıb və bizimlə yarışa gedib. Təlim-məşq toplanışı olmayanda isə milli komanda burada məşq etmir. O da ailəsinin, uşaqlarının yanında olur. Hazırlıq prosesində isə əlbəttə, hamımız birlikdə oluruq. Toplanışlar Ukraynada, Belarusda, Türkiyədə və başqa ölkələrdə gerçəkləşdikdə, o da bizimlə bərabər olur.

- Onun həyat yoldaşı və şəxsi məşqçisi Andrey Stadnik son məşqlərdə iştirak etmir. Bunun səbəbi nədir?

- Andrey Stadnik əvvəllər onun şəxsi məşqçisi idi. İndiki şəxsi məşqçi isə Orxan Məmmədovdur. Onun ailə məsələləri ilə bağlı danışmaq istəmirəm. Lazım olsa, özü cavab verər. Biz şou aləmində deyilik. Bizə nəticə və qızıl medal lazımdır. Bu gün Avropa çempionu olması bizim üçün yaxşıdır.

- Stadnik "Report"a müsahibəsində güləşlə vidalaşmaq istədiyini, amma sonradan fikrindən daşındığını bildirib. Özü səbəbini açıqlamayıb, bəlkə siz deyəsiniz?

- Özü deməyəndən sonra mən hardan bilim? Həvəsdən düşmüşdü, biz onu köklədik. İdmançıdır, iki ildən çox yarışlarda iştirak etməmişdi. Tam formada deyildi və zəifləmişdi. Belə olduğunu görüb elə bilmişdi ki, düzəlməyəcək. Amma biz danışdıq və yola gətirdik.

- ABŞ-dan fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi ölkəmizə dəvət olunub... Onun komandaya nə kimi xeyiri dəyəcək?

- Filippi mayın əvvəlinədək komanda ilə işləyəcək. Əsasən də Mariya Stadniklə çalışır. Ola bilər ki, Filippini yenidən gətirsinlər. Buna rəhbərlik qərar verəcək.

- Karyerasını bitirən Cəbrayıl Həsənovun (79 kq) şəxsi məşqçisi olmusunuz. Onun belə bir addımı atmasına əsas səbəb nə oldu?

- Həsənovun da olimpiada öncəsi hazırlıq proseslərində iştirakı nəzərdə tutulmuşdu. Bundan ötrü ya çəkisini 74 kq-a salmalı, ya da 86 kq-a qaldırmalı idi. Elə oldu ki, çəkisini sala bilmədi. Əvvəlki qaydalara əsasən, axşam çəki olurdu, növbəti gün güləşirdin. Yeni qaydada isə səhər tezdən çəkilirsən, finala çıxa bilirsənsə, növbəti gün yenə çəkilməlisən. Səhər 8-də çəkilib, axşam 10-da güləşmək bir az çətin məsələdir. 86 kq-da güləşmək istədi. Hətta 2020-ci ildə Yaşar Doğunun xatirəsinə həsr edilmiş turnirdə bu çəkidə bürünc medal qazandı. Elə bil üstündə "stavka" qoyan olmadı ki, bu da çəkidə hazırlaşsın. Buna dedilər ki, 79 kq-da Avropa çempionatına hazırlaş. İdmançı həm həvəsdən düşdü, həm də özü idmandan qalib kimi ayrılmaq istədi. "Gedərəm, birdən uduzaram. İdmandan belə getmək istəmirəm" dedi. Yenə 1-2 il güləşməli idi ki, nəticə versin. "Dünya ikincisi və Avropa üçüncüsü olmuşam" deyə düşündü. Bizimlə də məsləhətləşdi. 31 yaşı var, bu da az deyil. Tam vaxtı və zamanı idi. Bu gün gənclərdən ibarət yığma komandada baş məşqçidir. Tələbələri ilə birlikdə Yakutska beynəlxalq turnirə gedib. Onlara da uğurlar arzulayırıq.

Son xəbərlər

Orphus sistemi