Arif Rəhimov: "Formula 1" uzunmüddətli müqavilə imzalamağa müsbət yanaşmır"

Arif Rəhimov: "Formula 1" uzunmüddətli müqavilə imzalamağa müsbət yanaşmır" Bu səbəbdən AVRO-2020-də tamaşaçıların iştirakı nəzərdə tutulur
Fərdi
14 May , 2021 12:54
Arif Rəhimov: Formula 1 uzunmüddətli müqavilə imzalamağa müsbət yanaşmır
Arif Rəhimov

“Ötən ilin dekabrında baş tutmuş Zəfər Paradını nəzərə almasaq, "Formula 1" üzrə Azərbaycan Qran Prisi koronavirus pandemiyasının başladığı tarixdən sonra Bakının ev sahibliyi etdiyi ilk irimiqyaslı tədbir olacaq”.

"Report"un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov jurnalistlərə müsahibəsində deyib.

O, Azərbaycandakı "Formula 1" yarışına azarkeşlərin buraxılmamasına da toxunub: “Bakıda bu yay keçiriləcək Avropa çempionatının oyunları Azərbaycan Qran Prisi ilə müqayisədə koronavirusla mübarizə çərçivəsində tamaşaçıların hərəkətinin səmərəli idarəolunması baxımından daha əlverişlidir. Düşünürəm ki, bu səbəbdən sözügedən yarışda tamaşaçıların iştirakı nəzərdə tutulur. Bizdə isə eyni yanaşmanın indiki halda tətbiqi praktiki cəhətdən mümkün deyil”.

Rəhimov Bakının 5-ci dəfə analoji yarışa ev sahibliyi edəcəyini xatırladıb: "Formula 1" Rəhbərliyi (FOM) ilə olan mövcud müqaviləmiz 2024-cü ilə qədər qüvvədədir. Növbəti 3 ildə birlikdə hansı işləri görəcəyimizə dair müzakirələrə hələlik başlamamışıq. Son illər FOM ümumiyyətlə uzunmüddətli müqavilələr imzalamağa müsbət yanaşmır. Yeni rəhbərlik əməkdaşlığı daha çox qısa müddətli müqavilələr çərçivəsində aparmaqda maraqlıdır. Bu yanaşma bizim üçün də sərfəlidir”.

İcraçı direktorun sözlərinə görə, son vaxtlar müzakirə olunan məsələlərdən biri də koronavirus pandemiyasının davam etdiyi dövrdə yarış iştirakçılarının "Formula 1" təqvimində yer alan ölkələr arasında fasiləsiz və məhdudiyyətsiz səyahətinin təmin olunmasıdır. "Bu məqsədlə Türkiyə ilə Azərbaycan Qran Prilərinin yerlərinin dəyişdirilməsi barədə məsələnin gündəmdə olduğundan xəbərdarıq. Bununla bağlı onu deyə bilərəm ki, bu addımın atılması mümkün deyil. Çünki həmin ərəfədə Bakı həm də Avro-2020 üzrə keçirilən futbol oyunlarına ev sahibliyi edəcək. Başqa sözlə, iyunun 12-də paytaxt Bakı sözügedən çempionat çərçivəsində burada keçiriləcək qarşılaşmaların birincisi üçün iştirakçıları qəbul edəcək. Bu da Azərbaycan Qran Prisi üçün təklif olunan tarixlə üst-üstə düşür".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi