AQİNF rəsmisi: "Azərbaycanda daha böyük turnirlərin keçirilməsi üçün müraciət edəcəyik"

AQİNF rəsmisi: "Azərbaycanda daha böyük turnirlərin keçirilməsi üçün müraciət edəcəyik" Fqurlu konkisürmə üzrə yeniyetmələr arasında Qran-prinin Azərbaycanda keçirilə biləcəyini sübut etməli idik.
Fərdi
1 Oktyabr , 2024 17:35
AQİNF rəsmisi: Azərbaycanda daha böyük turnirlərin keçirilməsi üçün müraciət edəcəyik
Günel Bədəlova

Gələcəkdə buz meydançalarının sayını artırdıqdan sonra Azərbaycanda daha böyük turnirlərin keçirilməsi üçün müraciət edəcəyik.

Bunu “Report”a açıqlamasında Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova deyib.

Qurum rəsmisi gələn il Azərbaycanda keçiriləcək fiqurlu konkisürmə üzrə Qran-pri ilə bağlı detalları açıqlayıb:

“Hazırlıq prosesi hələ başlamayıb. Qran-prinin Azərbaycanda keçirilməsi üçün müraciət etmək və rəqabətdə qalib gəlmək uzun proses idi. Sənədləşmə işləri aparılmalı idi. Buz meydançamız yeni istifadəyə verilib. Eyni zamanda Azərbaycanda daha əvvəl bu cür böyük yarış olmayıb. Bunu həyata keçirmək vaxt apardı. Yeni istifadəyə verilən buz meydançamız standartlara uyğundur. Böyük yarışları qəbul etmək üçün imkan var. Təbii ki, bunun üzərində işləyəcəyik”.

Baş katib artıq müəyyən təcrübəyə malik olduqlarını söyləyib:

“Daha əvvəl bir çox yarışlarda olmuşam. Qonşu Rusiyada, Türkiyədə və digər ölkələrdə bu tip turnirlərin hansı formada təşkil edildiyini bilirik. Bizim də hər cür imkanımız var. Azərbaycanın qonaqpərvərliyini və ev sahibliyini nümayiş etdirməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Gələcəkdə buz meydançalarının sayını artırdıqdan sonra Azərbaycanda daha böyük turnirlərin keçirilməsi üçün müraciət edəcəyik. Hələlik bu Qran-pri üçün bir meydança kifayət edəcək”.

AQİNF rəsmisi fiqurlu konkisürmə üzrə idmançıların durumundan danışıb:

“Hazırda üç yeniyetmə azərbaycanlı idmançı var - Səbinə Əliyeva, Leyli Axundova və Nərgiz Süleymanova. Leyli ilk dəfə bu yaxınlarda Litvada keçirilən Qran-priyə qatılmışdı. Nərgiz komandamıza yeni qoşulub və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək. Bundan əlavə, Vladimir Litvintsev beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış edir. Daha bir yeniyetmə cütlüyün cəlb olunması prosesinə başlanılıb. Gələcəkdə buz meydançasında yeni idmançılar yetişdirməyə çalışacağıq. Sadəcə, proses uzun çəkir deyə, bəzən legionerlərlə də davam edirik”.

Qeyd edək ki, Qran-pri turniri 2025-ci il sentyabrın 24-dən 27-nə qədər Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq. Yarışa 20-dən artıq ölkədən 150-yə yaxın idmançının qatılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi