Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddəki Dünya Kubokunda gümüş medal qazanıb.
Finalda Bolqarıstan seçməsinə 40:45 hesabı ilə uduzan yığmanın heyətində Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimova yer alıblar.
Milli komandanın lideri Anna Başta "Report"a müsahibəsində həm Dünya Kubokundakı çıxışı dəyərləndirib, həm də şəxsi hədəflərindən danışıb.
- Özbəkistanın paytaxtı Daşkənddəki Dünya Kubokunda komanda yarışlarında gümüş medal qazandınız. Təəssüratlarınız necədir?
- Daşkənddəki yarışdan yenicə qayıtmışıq. İkinci yeri tutduğumuz üçün çox xoşbəxtik. Olimpiya mövsümü öncəsi çox yüksək rəqabət var. Hətta yarış meydanında qələbə ehtirasının necə yüksək həddə çatdığını gördük. Güclü komandalar mübarizəni dayandırdılar. Çox çətin rəqiblərlə qarşılaşdıq. 1/4 finalda dünya reytinqinin 1 nömrəsi olan Fransanı bir zərbə fərqi ilə (45:44) məğlub etdik. Sadəcə, inanılmaz hadisə idi. Buna görə son dərəcə sevincliyik. Emosional anlar idi. Bu rəqiblə çox tez-tez üz-üzə gəlmişik. Hər zaman çox az fərqlə uduzurduq. Həmişə Fransaya qalib gəlmək üçün nəsə çatmırdı. Amma təlim-məşq toplanışında böyük işlər gördük, rəqibi yaşı analiz etdik. Nəticədə onları məğlub etmək alındı. Düzgün yoldayıq. Növbəti rəqibimiz son dünya çempionu Macarıstan idi. Bu da çox məsuliyyətli görüş oldu. Fransa üzərində qələbədən sonra döyüşmək asan deyildi. Çünki böyük ajiotaj və eyforiya var idi. Növbəti görüşə tam köklənmək üçün bunun öhdəsindən gəlməliydik. Macarlarla qarşılamada, belə demək mümkündürsə, əyləndik. Əlbəttə, çətin idi. Əvvəllər bu komandaya uduza bilərdik. Amma bu dəfə belə bir seçimimiz və düşüncəmiz yox idi. Görüşü sonadək böyük hesabla öndə apardıq. Taktiki planda rəqibi əzdik.
- Qızıl medal qazanmaq üçün nə çatmadı? Sizcə, finaldakı məğlubiyyətin əsas səbəbi nə idi?
- Bolqarıstan yığması da yüksək səviyyədə çıxış etdi. Onlar İtaliya və İspaniyanı məğlub etmişdilər. Hələlik məşqçilər heyəti ilə final oyununu analiz etmək imkanımız olmayıb. Çox maraqlı görüş alındı. Əvvəlcə rəqib hesabda öndə idi, biz onlara çatdıq və vəziyyəti xeyrimizə dəyişdik. Möhtəşəm döyüş idi. Əslində uduzmağımız yaxşı oldu. Çünki qalib gəlsəydik, hər şeyin əla olduğunu düşünəcəkdik. Səhvlərimiz açıq-aşkar nəzərə çarpmayacaqdı. Olimpiya mövsümü öncəsi düşünmək üçün əla fürsət oldu.
- Komanda şəklində medal əldə etsəniz də, həm bu yarışda, həm də yanvardakı Tunis Qran-Prisində medalsız qaldınız. İlin ilk yarışlarında işlərin istənildiyi kimi getməməsinin səbəbi nədir?
- Tunis Qran-prisi hardasa 1,5 ay öncə olub. Dünya Kubokunda italiyalı Sofia Kiraqliyaya məğlub oldum. Döyüşün əvvəllərində müdafiəni yarmaq üçün açar tapa bilmədim. Amma ikinci yarıda isə rəqibi analiz etməyə və taktiki cəhətdən öyrənməyə başladım. Asanlıqla qələbə qazanacağımı anladım və görüşü uğurla başa çatdırdım. Təəssüf ki, yanlış hakim qərarları ilə Kiraqliya qalib gəldi. Çoxlu sayda mübahisəli məqam var idi. Zərbə sayında üstün olsam da, bəziləri hesaba alınmadı. Bu, böyük problem idi. Bu səbəbdən döyüş taktikası iflasa uğradı. Lakin məğlubiyyətə görə çox da məyus olduğumu deyə bilmərəm. Bu isə göstərir ki, nəyin üzərində daha çox işləmək lazımdır. Görüşün əvvəlində 2:8 hesabı ilə geri düşdüm. Halbuki baş verməməli idi. İki dəfə hesabda geri düşüb, tarazlığı bərpa etmək asan deyil. Bu, onu göstərir ki, çox zərbə endirə bilmirsənsə, ən azı hesabı qoruyub saxlamağı bacarmalısan.
- Daha əvvəl dünya reytinqində ilk pillədə qərarlaşmışdınız. Hazırda isə həm Daşkənddəki Dünya Kubokunda, həm də Tunisdəki Qran-Pridə üçüncü yeri tutmuş yaponiyalı idmançı Emura Misaki zirvəni ələ keçirib. Reytinq siyahısı Olimpiadaya vəsiqə baxımından önəm daşıyırmı?
- Dünya reytinqində 1 nömrə olmaq artıq prinsipial deyil. 1 ilə yaxın zirvədə oldum ki, bu kifayət edir. Bu statusun bütün müsbət və mənfi tərəflərini hiss etdim. Bunun üstünlükləri barədə danışmayacağam. Mənfi cəhətlərə gəlincə, çox böyük təzyiqdir. 1 nömrə olmağın bəzi işlərə mane olur. Məsələn, sənə elə münasibət göstərirlər ki, ən yaxşı olduğunu düşünürsən. Elə bilirsən ki, yalnız sənsən. Bu cür problemlər olurdu. İndi isə komanda yarışlarına köklənmişik. Daşkənddə bunu sübut etdik. Əsas hədəf Olimpiya mövsümü öncəsi özümü komanda şəklində sınamaq idi. Şəxsi reytinqə gəlincə, bizdə belə bir məsələ var ki, ilk iki pillədə qərarlaşan idmançıların özündən aşağı sırada gedənlərlə döyüşü çətin alınır. Çünki aşağıdakılar daim yuxarı qalxmağa çalışırlar. Həmçinin burada rəqiblərin güclü-zəif olması da rol oynayır. Məsələn, ilk sıralarda gedən idmançılar daha güclü qılıncoynadanlarla qarşılaşır. Aşağı pillədə qərarlaşanlar isə nisbətən zəif rəqiblərlə üz-üzə gəlirlər. Üstəlik, üzərində təzyiq hiss edirsən. Məsələn, mən reytinqdə aşağı sıralarda olanda daha rahat mübarizə aparırdım. Əsas hədəf ilk "16-lıq"da olmaqdır. İlk pilləyə qalxmaq, medallar qazanmaq mənim arzum idi. Bunları əla vaxtda gerçəkləşdirdim. Mövsümün ortasında - vaxtından əvvəl Dünya Kubokunu qazandım. Hətta bundan sonra hansısa turnirlərdə uduzsaydım belə, mükafatı mən götürəcəkdim. İndi əsas məqsəd döyüşlərə köklənmək və bir qədər sakitləşməkdir. Düşünürəm ki, bu, mənə ikinci pillədə də kömək edəcək. Çox xal itirmişəm, amma emosionla baxımdan mənim üçün daha asan olacaq. Təzyiq altında olmadan çıxış etmək daha rahatdır. Növbəti yarışlarda yenidən ilk pilləni ələ keçirə bilərəm. Bu, çoxları üçün elə də xoş deyil. Çünki yarışlarda ilk döyüş sənin iştirakınlar keçirilir və bu səbəbdən daha tez - səhər saat 5 və ya 6-da yuxudan oyanmalısan. Bu isə mənfi haldır. Saat fərqini də nəzərə alsan, bəzən gecə saat 3-də qalxmalı olursan. Ona görə də reytinqdəki dəyişikliklərə fikir vermirəm. Çünki maraqlı deyil. Olimpiadaya lisenziya bu ilin aprelindən oynanılmağa başlayacaq və 1 il davam edəcək. Orada nə baş verəcəyi hələ bəlli deyil. Ona görə də hər şeyə hazırlıqlı olmaq lazımdır.
- 2022-ci ildə Azərbaycanda ilin qadın idmançısı seçilmişdiniz. 2023-cü ildə də bunu hədəfləyirsinizmi?
- Əlbəttə, bu il də əsas hədəflərdən biri Azərbaycanda ilin idmançısı olmaqdır. Amma düşünürəm ki, olimpiadadan sonra ilin idmançısı seçilmək daha prestijli olardı. Yəqin, nəyi nəzərdə tutduğumu başa düşdünüz.
- Komanda və ya fərdi olaraq qarşıda hansı yarışlar var və əsas hədəfləriniz nələrdir?
- Biz yarışları vacib və ya elə də önəm daşımayan kateqoriyalara bölmürük. Hər il 5 Dünya Kuboku, dünya və Avropa çempionatı olur. Bu il qitə çempionatı Polşadakı III Avropa Oyunları ilə eyni vaxta düşəcək. Əlbəttə, dünya və Avropa çempionatları ən vacib yarışlardır. Orada daha çox xal verilir. Qazandığın titullar ömürlük səninlə qalır. Düzdür, Qran-pri və Dünya Kuboklarında da belədir. Amma yarışların səviyyəsi eyni olsa da, bunlar elə də prestijli səslənmir. Bunlardan yalnız Qran-pridə komanda yarışları olmur.