AMADA nümayəndəsi olimpiadada iştirak edib

AMADA nümayəndəsi olimpiadada iştirak edib WADA “Müstəqil müşahidəçilər” və “İdmançılar arasında təbliğat” proqramlarını təşkil edib
Fərdi
22 Fevral , 2018 22:29
AMADA nümayəndəsi olimpiadada iştirak edib

Bakı. 22 fevral. REPORT.AZ/ Ümumdünya Antidopinq Agentliyi (WADA) Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya və Paralimpiya Oyunlarının çərçivəsində “Müstəqil müşahidəçilər” və “İdmançılar arasında təbliğat” proqramlarını təşkil edib.

"Report"un məlumatına görə, həmin proqramların ilk fazasında iştirak edən dörd ölkə ekspertləri arasında Azerbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva da var.

O, “İdmançılar arasında təbliğat” proqramı çərçivəsində Oyunlar zamanı idmançılarla birbaşa ünsiyyətdə olub, onların dopinq barədə biliklərinin artırılması üçün geniş təbliğat aparıb.

AMADA təmsilçisi WADA Təbliğat Proqramı çərçivəsində ABŞ, Böyük Britaniya və Çexiya Antidopinq agentliklərinin nümayəndələri ilə bir komandada çalışıb. Bu, AMADA üçün idmançılar arasında təbliğatın aparılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi baxımından gözəl imkan olub. L.Hacıyevanın WADA tərəfindən proqramın ilk fazasına dəvət olunması cəmi bir yaşa malik AMADA-nın uğurlu fəaliyyətinin nəticəsi kimi qiymətləndirilib.

Müstəqil müşahidəçilər Oyunlar zamanı dopinqə qarşı fəaliyyətlərinin keyfiyyəti və səmərəliliyinə zəmanət məqsədilə dopinqin aşkarlanma prosesinin bütün mərhələlərində - test planlarının hazırlanmasından nəticələrinin idarə edilməsinədək - iştirak ediblər. Müşahidəçilərin rəy və təklifləri Beynəlxalq Olimpya və Paralimpiya komitələrinə çatdırılıb.

Bu proqramlarda iştirak AMADA üçün beynəlxalq təcrübə sayıla bilər. AMADA 2016-ci il dekabrın 23-dən fəaliyyətə başlayıb və agentliyin missiyasının hüquqi əsasını Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “İdmanda dopinq vasitələri və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun təşkil edir.

Son xəbərlər

Orphus sistemi