AMADA-nın ötən il üçün "Fərqli" hesabatı açıqlanıb

AMADA-nın ötən il üçün "Fərqli" hesabatı açıqlanıb Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiq qalaraq 2020-ci il üçün hesabat jurnalı dərc edib
Fərdi
1 Oktyabr , 2021 18:01
AMADA-nın ötən il üçün Fərqli hesabatı açıqlanıb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiq qalaraq 2020-ci il üçün hesabat jurnalı dərc edib.

"Report"un məlumatına görə, hesabatda qurumun ötən il ərzindəki fəaliyyətinə dair ətraflı məlumatlar yer alıb.

Bildirilib ki, 2020-ci ildə COVID-19 pandemiyası dopinq nəzarəti sahəsinə də təsirini göstərib: "Pandemiyanın gətirdiyi məhdudiyyətlər və yaratdığı reallıqlar digər illərlə müqayisədə tamamilə yeni və fərqli şərait yaradıb. Elə buna görə də AMADA 2020-ci ildə fəaliyyətini pandemiyanın yaratdığı reallıqlar əsasında qurub, tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq fəliyyətinin davamlılığını və effektivliyini təmin etmək üçün çevik qərarlar qəbul edib".

Qabaqcıl təcrübələrin və innovativ üsulların tətbiqinə hər zaman xüsusi əhəmiyyət verən AMADA-nın bu istiqamətdə fəaliyyətini daha da təkmilləşdirdiyi vurğulanıb: "Dopinq nəzarəti testlərinin götürülməsi prosesi idmançıların və nümunə toplama heyətinin təhlükəsizliyinin təmin olunması məqsədilə tələblərə tam uyğun həyata keçirilib. Dopinq nəzarətinin ən mühüm vasitələrindən olan antidopinq maarifləndirməsi əsasən distant üsulla olmaqla fasiləsiz təşkil edilib. Hesabat ilində maarifləndirmə işlərində Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi ilə bağlı məsələlər xüsusi yer tutub və AMADA bununla bağlı üzərinə düşən öhdəlikləri əvvəlcədən hazırlanan mərhələli proqram əsasında tam və vaxtında icra edib".

2020-ci il ərzində AMADA-nın qlobal antidopinq hərəkatında da aktiv iştirak edərək bir sıra beynəlxalq layihələri uğurla həyata keçirdiyi, beynəlxalq tərəfdaşlarla keçirilən çoxsaylı görüşlər, imzalanan müqavilələrlə əməkdaşlığı daha da genişləndirdiyi qeyd olunub.

Bildirilib ki, ötən il Azərbaycan üçün həm də zəfər ili kimi tarixə düşüb: "AMADA Vətən müharibəsində əldə edilən böyük zəfərə kiçik də olsa, töhfə vermək üçün müxtəlif yardım və təbliğat tədbirləri həyata keçirib. Göründüyü kimi, 2020-ci il dünya və Azərbaycan üçün mənfi və müsbət hadisələri ilə yaddaqalan və fərqli olub. AMADA bu il ərzindəki fəaliyyətində innovativ və qabaqcıl yanaşmaları tətbiq edərək fərq yaratmağa çalışıb. Elə buna görə də 2020-ci ilin yekunlarına həsr olunmuş hesabat “Fərqli” adlandırılıb".

Qeyd edək ki, AMADA-nın fəaliyyəti ilə bağlı ətraflı və təfərrüatlı məlumatların yer aldığı hesabat jurnalının elektron versiyası Azərbaycan və ingilis dillərində AMADA-nın rəsmi internet saytında yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi