Aleksandr Tarakanov: "Dünya çempionatındakı çıxışımız uğurlu alındı"

Aleksandr Tarakanov: "Dünya çempionatındakı çıxışımız uğurlu alındı" "Dünya çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq. Yarış yığmamız üçün uğurlu alındı. Təşkilatçılıq isə Olimpiya Oyunlarındakı kimi idi. COVID-19 əleyhinə bütün tədbirlərə əməl edilir, hər gün test götürülürdü"
Fərdi
14 Oktyabr , 2021 16:05
Aleksandr Tarakanov: Dünya çempionatındakı çıxışımız uğurlu alındı
Aleksandr Tarakanov

"Dünya çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq. Yarış yığmamız üçün uğurlu alındı. Təşkilatçılıq isə Olimpiya Oyunlarındakı kimi idi. COVID-19 əleyhinə bütün tədbirlərə əməl edilir, hər gün test götürülürdü. Bizə yaxşı qayğı göstərirdilər".

"Report"un məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov Norveçin paytaxtı Oslodakı dünya çempionatının nəticələri barədə "moscow-baku.ru" saytına müsahibəsində deyib.

Rusiyalı mütəxəssis bildirib ki, idmançıların heç də hamısı özlərindən gözlənilənləri tam yerinə yetirə bilməyib: "72 kq-da mübarizə aparan Ülvi Qənizadə kəskin tənəffüs xəstəliyinə yoluxmuş, qızdırması qalxmışdı. O, olimpiya mükafatçıları - almaniyalı İdris İbayev və gürcüstanlı Şmaqi Bolkvadzedəyə qalib gəlsə də, yekunda uduzdu. Komanda barədə danışsaq, yaxşı çıxış etdik. Bütün kollektiv medallar uğrunda mübarizə apardı. Osloda 2 illik işin nəticəsini müşahidə etmək olardı. Ürəyimdə daha çox qızıl medala ümid etsəm də, nəticə yaxşıdır. Səhvlər var idi. Amma ümumilikdə yığmanın çıxışı uğurlu alındı. 6 güləşçimiz medallar uğrunda yarışıb".

Tarakanov Azərbaycan güləşçilərinin dünya çempionatındakı əsas rəqiblərini də açıqlayıb: "Bunlar postsovet ölkələrini təmsil edən yığmalardır. Məsələn, Gürcüstanda sovet güləş məktəbinin ənənələri qalıb. Onlar doğru yoldadırlar və çalışmağa davam edirlər. Həmçinin İran güclü rəqibdir. Onlar da bizim kimi 4 medal qazandılar. Medalların əyarını yaxşılaşdırmaq üçün səylə çalışacağıq. Əlbəttə, əsas rəqibimiz Rusiya yığmasıdır. Onlar hər zaman irəlidədirlər. Düzgün işlə bu kollektivə çatmaq, onlarla rəqabət aparmaq lazımdır".

Qeyd edək ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi