Aleksandr Tarakanov: "Azərbaycan çempionatına qatılmayanlar yığmaya düşməyəcəklər"

Aleksandr Tarakanov: "Azərbaycan çempionatına qatılmayanlar yığmaya düşməyəcəklər" "Rafiq Hüseynov verdiyimiz bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirdi və qızıl medal qazandı"
Fərdi
15 Oktyabr , 2021 11:04
Aleksandr Tarakanov: Azərbaycan çempionatına qatılmayanlar yığmaya düşməyəcəklər
Aleksandr Tarakanov

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanovun "Report"a müsahibəsi

- Yunan-Roma güləşçiləri Norveçin paytaxtı Oslodakı dünya çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandılar. Yığmanın çıxışını necə dəyərləndirirsiniz?

- Uşaqlar yaxşı çıxış etdilər. Məşq prosesi də göstərdi ki, güləşçilər qələbə qazana bilərlər. Bunun üçün gücləri var. Psixololji vəziyyətin öhdəsindən gəldik, hamı layiqli çıxış etdi. Praktiki olaraq, hər kəs medallar uğrunda mübarizə apardı. Ona görə də belə nəticə əldə etdik. Güləşçilərimiz düzgün yoldadırlar və çox çalışırlar, ölkə üçün hər şeylərini verirlər. Ağır məşqlərimiz, yüklənmələrimiz olur. Yaxşı məşq prosesi keçmişdik. Həm idmançı, həm də məşqçilər sarıdan heç bir problem yox idi. Federasiya bizim üçün bütün lazımi şəraiti yaratmışdı. Namiq Əliyev hər zaman zala gəlib məşqlərimizi izləyir, problemlərimizlə maraqlanır. Hansısa çətinlik olanda dərhal həll olunur.

- Daha hansı güləşçilərdən medal gözləyirdiniz: Medal planınızı doldurduğunuzu söyləmək olar?

- Dünya çempionatında 72 kq-da çıxış edən Ülvi Qənizadədən qızıl medal gözləyirdim. Təəssüf ki, xəstələndi və bu şansı əldən verdi. Yüksək temperaturu var idi, bu vəziyyətdə güləşdi. Xəstəlik uğurlu çıxış etməyə imkan vermədi. Həmçinin 87 kq çəki dərəcəsində İslam Abbasovdan yaxşı nəticə gözləyiridm. Onda da alınmadı. 130 kq-da Beka Kandelaki olimpiya oyunlarının mükafatçısı olmuş gürcüstanlı Yakobi Kajayaya uduzdu. Bu tempdə davam etsək, hər şey daha yaxşı olacaq. Uşaqlar arzularla alışıb-yanır, özlərinə inanırlar. Bunun fonunda daha da inkişaf edirlər.

- Yunan-Roma güləşçilərindən 2018-ci ildə 55 kq-da dünya və Avropa çempionu olmuş Əzizlinin Oslodo bürünc medal qazanmasını zəif nəticə saymaq olar?

- Yarışdan sonra Eldənizlə danışmışıq. Hər ikimizin ortaq fikri belədir ki, əvvəlki çıxışını sonradan davam etdirə bilmədi. Buna görə nəticə uğursuz alındı. Dünya çempionatından sonra Əzizlinin iştirakı ilə bütün görüşlərə yenidən baxıb, analiz etmişik. Hər şeyi doğru planlaşdırmışdıq, sadəcə, özü müəyyən fəndləri fərqli etdiyi üçün bəzi görüşlər ssenari üzrə getmədi. Bu səbəbdən də alınmadı. Halbuki qalib gələ bilərdi. Kiçik səhvlər ona mane oldu. Düşünürəm ki, gələcəkdə bu cür səhvləri təkrarlamayacaq və fərqli güləşəcək.

- Bəs 63 kq çəkidə builki Avropa çempionatının gümüş mükafatçısı Taleh Məmmədov barədə nə deyə bilərsiniz?

- O da pis güləşmədi. Avropa vitse-çempionumuz dünya çempionatında 3-cü yer uğrunda mübarizə apardı. Amma buraxdığı səhvlər medalsız qalmasına səbəb oldu. Halbuki məşqlərdə bunun üzərində işləmişdik. Bu səhvləri düzəltmək üçün müəyyən vaxt lazımdır. Taleh də bir epizodda başını aşağı saldı və rəqibin fənd tətbiq etməsinə şərait yaratdı. Bəzi məqamlar var ki, məsələn, rəqib üstünə gələndə, onu dartırsan, nəticədə istədiyini edə bilmir. Taleh ukraynalı Lenur Temirovla bürünc medal görüşündə hesabda öndə olmasına baxmayaraq, müəyyən səhvlərə yol verdi və uduzdu. Hesab sənin xeyrinə olanda onu qorumağa çalışırsan. Amma bu, çox çətin məsələdir. 40-45 saniyə də tab gətirə bilsəydi və səhv etməsəydi, bürünc medal qazana bilərdi.

- Hazırda 23 yaşlı güləşçilər arasında dünya çempionatına hazırlaşırsınız. 1 - 7 noyabrda Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq mundialda bu komandaya da siz rəhbərlik edəcəksiniz, yoxsa köməkçilərinizdən birini göndərəcəksiniz?

- Xeyr, hamımız birlikdə gedəcəyik. Orada gənclərin çıxışını izləyəcəyik. Çünki 23 yaşlılar bizim gələcəyimizdir. Hansı vəziyyətdə olmalarına, səhvlər edib-etməmələrinə baxmaq lazımdır. Hər idmançının fərdi keyfiyyətləri var və onları müəyyən yarışlarda izləməlisən.

- Yəqin ki, qarşıdakı yarış üçün heyətdə son dünya çempionatında iştirak etmiş güləşçilərin bir çoxu olacaq...

- Xeyr. Çünki Həsrət Cəfərovun zədəsi var. Dünya çempionatında 3-cü yer uğrunda qarşılaşmada çiynindən güclü zərbə aldı. Müalicəsi davam edir. Ciddi zədə deyil, amma tam sağalmalıdır. 2022-ci il bizim üçün həm faydalı, həm də məsuliyyətli olacaq. İdmançılar daha güclü və sağlam olmalıdırlar. Oslodakı heyətdən yalnız Ülvi Qənizadə qarşıdakı yarışda iştirak edəcək. O, Norveçdəki mundialda xəstəlik səbəbindən istədiyi kimi çıxış edə bilmədi. Qənizadəyə Belqradda da şans verməyi düşünürük. Bizim istedadlı gənclərimiz var. Onlar ölkəni layiqincə təmsil etməyə qadirdirlər. Hələlik idmançılara istirahət vermişik. Gələn həftənin bazar ertəsi federasiyamızın Təlim-Məşq Mərkəzində olacaqlar. Orada kimin nə vəziyyətdə olduğuna baxacağıq. Yarış öncəsi yüklənmə çox oldu. Həmçinin dünya çempionatı ağır keçdi.

- Bir neçə ildir Azərbaycan millisində çalışırsınız. Səhv etmirəmsə, müqaviləniz bu ilin sonunadəkdir. Sizə yeni sözləşmə təklif olunub?

- Rəhbərliklə bu barədə hər hansı danışıq olmayıb. Amma düşünürəm ki, buradakı işimi davam etdirəcəyəm, daha bir tsikli millinin sükanı arxasında keçirəcəyəm. Hər hansı problemin olacağını fikirləşmirəm. Çünki uşaqlar inkişaf edir, nəticə verirlər.

- Yəqin, bilirsiniz ki, Fərid Mansurovdan sonra yunan-Roma güləşində Azərbaycanın olimpiya çempionu olmayıb. Dünya çempionatlarında isə son 10 ildə qızıl medal qeyri-olimpiya çəkilərində qazanılıb. Bu amil sizi narahat etmir?

- 2024-cü ildə Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Hesab edirəm ki, hər şey normal olsa, olimpiya medalını və digər mükafatları da qazanacağıq. İnanıram ki, qarşıdakı dünya çempionatında güləşçilərimiz əla çıxış edəcəklər. Oslodakı yarış doğru yolda olduğumuzu göstərdi.

- Hazırda heyətdə bunu bacara biləcək uşaqlar var?

- Əlbəttə, bizə qızıl medal qazandıra biləcək güləşçilər var. Buraya həm təcrübəlilər, həm də gənclər aiddir.

- 82 kq-da mübarizə aparan Rafiq Hüseynov karyerasında ilk dəfə dünya çempionu oldu. İndiyədək onun bu titulu qazanmasına nə mane olurdu?

- Bu, fərdi sualdır. Bunu Rafiqin özü ilə müzakirə etmək lazımdır. Mən sadəcə, öz işimi gördüm və ona dünya çempionu olmağa kömək etdim.

- Hüseynovun özü bu suala cavabında deyib ki, hər şeyin zamanı var və səbr etmək lazımdır. Dünya çempionu olmaq üçün 33 yaşınadək səbr etdi...

- Nə qədər lazımdırsa, o qədər də gözləmək lazımdır. Sadəcə, onu deyim ki, Rafiq verdiyimiz bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirdi və qızıl medal qazandı. Amma yalnız gözləyib heç nə etməyə də bilərsən. Bunlar fərqli anlayışdır (gülür - red.).

- Bir az da səbr etsə, Parisdə də medal götürə bilər? Ümumiyyətlə, onun qarşıdakı olimpiadada iştirak etmək şansı var?

- Əlbəttə, hamı orada çıxış edə bilər. Səhhətin, texniki bazan və fiziki hazırlığın buna imkan verirsə, niyə də olmasın?!

- Rafiq Hüseynovun karyerasını bitirmək fikri yoxdur?

- Xeyr, onun belə bir arzusu yoxdur. Əksinə, daha yüksək nəticə göstərmək istəyir.

- 80 kq-da çıxış edən İslam Abbasov ən perspektivli güləşçilərimizdən hesab olunur və ondan çox şey gözlənilir. Abbasovun əsas rəqibi son olimpiya çempionu ukraynalı Jan Belenyukdur. Lakin Belenyuk Oslodakı dünya çempionatında iştirak etmədi. Belədə Abbasovun medal qazanmaq şansları daha yüksək qiymətləndirilirdi. Lakin o, yarışda Azərbaycanın yunan-Roma güləşçiləri arasında bəlkə də ən zəif nəticəni göstrərən idmançı oldu...

- İslam zədə aldı. Daha sonra növbəti dəfə zədələndi. Tokio olimpiadasından sonra sağaldı və dünya çempionatına hazırlaşdı. Əlindən gələni əsirgəmədi. Amma bunu sonadək edə bilmədi. Tam sağaldıqdan sonra daha yaxşı hazırlaşacaq və inanıram ki, əvvəlki formasını bərpa edəcək. Üstəlik yaşlı deyil, gəncdir. Əsas odur ki, zədələr onu izləməsin. Bu, hər idmançının başına gələ bilər. Yalnız hədəfə köklənmək, nə və ya kim üçün güləşdiyini dərk etmək lazımdır. Bu halda insan dağları da aşa bilər. Konkret məqsədin, istəyin varsa, heç nəyə baxmadan irəli gedə bilərsən. Hər insan öz xoşbəxtliyini özü yaradır. Başqası sizin üçün heç nə etməyəcək.

- Bizim idmançılarda "ulduz xəstəliyi" deyilən bir problem də var...

- Bu, təkcə Azərbaycanda deyil, Rusiyada, hətta bütün dünyada var. Tacı başına qoyan insan ondan yaxşısının olmadığını düşünürsə, deməli, səhv edir. Çünki başqası gələcək və onun iki tacı olacaq. Buna görə də belə fikirləşmək lazım deyil. İnsanın özünə həddindən artıq çox güvənməsi də düzgün hərəkət deyil. Sən olimpiya, dünya çempionu ola bilərsən. Amma "ulduz xəstəliyi"nə tutulmaq lazım deyil.

- Burada məşqçilər də günahkardırlar. Məsələn, titul qazandıqdan sonra idmançılara deyirlər ki, dincəlin, hansısa kiçik nüfuzlu yarışda iştirak etməyin. Dekabrda Azərbaycan çempionatı keçiriləcək. Güləşçilərin hamısına həmin yarışa hazırlaşmağı tapşırmısınız?

- Bəli. Hazırlıq prosesinə başlayanda hamısına bu barədə məlumat veriləcək. Bütün idmançılar daxili çempionatda iştirak etməlidir. Çünki gələn il keçiriləcək beynəlxalq yarışlar üçün komanda qurulacaq. Bunun üçün əvvəlcə, belə deyək, təsnifatı keçməlisən. Düzdür, güclü idmançılar var. Amma istənilən halda güləşməli və nəticə göstərməlisən.

- Demək olarmı ki, ölkə çempionatında Rafiq Hüseynov, Eldəniz Əzizli, Sənan Süleymanov kimi güləşçilər də iştirak edəcəklər?

- Əlbəttə. Bu, birmənalıdır, başqa söhbət ola bilməz. Gənclər böyüyür, hamısı məşq edir. Hamı güləşməlidir. Yalnız hansısa bədbəxt hadisəyə görə, məsələn, əlin sınıb, kimsə çempionatda iştirak etməyə bilər.

- Düşünmürsünüz ki, bunun üçün hər hansı səbəb tapa bilərlər?

- Bütün zədələri həkimlər yoxlayırlar. Kimin zədəsi varsa, qeydə alınır, müalicə olunur. Amma idmançının vəziyyəti yaxşı deyilsə, onu ölməyə məcbur edə bilmərik. Hər hansı ciddi səbəbə görə çempionatdan azad oluna bilərlər. Amma sizin dediyiniz kimi, uydurulmuş səbəblər bizə keçməz. Belədə yığmanın heyətinə düşməyəcəklər.

- İstərdik ki, Azərbaycan çempionatı Rusiyadakı kimi keçirilsin. Çünki orada dünya çempionatının ab-havası olur, rəqabət yüksəkdir...

- Bizdə də müəyyən çəki dərəcələrində yaxşı rəqabət var. Çünki dünya və Avropada yer tutmuş idmançılarımız gənclərlə birlikdə məşq edirlər. Azərbaycan çempionatı çox maraqlı olacaq.

Son xəbərlər

Orphus sistemi