İdman ictimaiyyətini təbrik edirəm. Bu, bizim üçün çox vacib idi.
Bunu "Report"a açıqlamasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev Azərbaycan yığmasının üzvü Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması ilə bağlı danışarkən deyib.
AKAF rəsmisi avarçəkənin Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasındakı çıxışına toxunub: "Çox ağır yarış oldu. Uzun müddət idi ki, buna hazırlaşırdıq. Güclü külək də var idi. Buna baxmayaraq, özünü toparladı və lisenziyaya sahib çıxdı. Diananın qayıqlarını və mövqeyini dəyişməsi önəmli rol oynadı".
Baş katib texniki idman növlərində olimpiadaya vəsiqə əldə etməyin kifayət qədər çətin olduğunu diqqətə çatdırıb: "Lisenziya qazana bilməsəydik, növbəti turnirdə daha bir şansımız olacaqdı. Amma buna Macarıstanda nail olduq. Yarış bizim üçün önəmli idi".