ADBTİA Böyük Britaniyanın Liverpool John Moores Universiteti ilə əməkdaşlığa başlayıb
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) Böyük Britaniyanın qabaqcıl ali təhsil ocağı olan Liverpool John Moores Universiteti ilə əməkdaşlığa start verib.
ADBTİA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində ingilis dilində tədris olunan “İdman jurnalistikası” magistr proqramının sertifikatlaşdırılmış modulunun tədrisi həyata keçirilib. Proqramın sonunda magistrantlara Liverpool Screen School adından kursu tamamladıqlarına dair sertifikatlar təqdim olunub.
Təqdimat mərasimində "Liverpool John Moores University Screen School"un direktoru, professor Rachel McLean və kursun müəllimi Pete Leydon, həmçinin ADBTİA-nın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Məmmədov iştirak ediblər.
Tədbirdə Liverpool John Moores Universiteti tərəfindən qeyd olunub ki, bu gün bizim universitetləri bir araya gətirən məhz idmanın gücüdür. Həmçinin vurğulanıb ki, ADBTİA-nın Liverpool John Moores University kimi təhsil ocağı ilə əməkdaşlıq etməsi həm Akademiyanın Avropa təhsil sisteminə inteqrasiya olmasına, həmçinin də gələcək perspektivlərin genişlənməsinə şərait yaradır.
Məzunlar isə öz növbəsində, bu modulun yüksək səviyyədə tədris olunmasını xüsusi qeyd edərək, onların peşəkar fəaliyyətlərində əvəzsiz rolu olacağını vurğulayıblar və xüsusi minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 2017-ci ildən tədrisi ingilis dilində aparılan “İdman tibbi və reabilitasiya”, “İdman jurnalistikası” və “İdman menecmenti” magistr proqramları uyğun olaraq Böyük Britaniyanın University College London (UCL), Sheffield Hallam Universiteti və Almaniyanın Tübingen Universiteti ilə əməkdaşlıq çərçivəsində tədris olunur.