ACF rəsmisi: "Azərbaycan çempionu olmaq hansısa cüdoçunun nüfuzlu turnirlərdə iştirak edəcəyi demək deyil" - MÜSAHİBƏ

ACF rəsmisi: "Azərbaycan çempionu olmaq hansısa cüdoçunun nüfuzlu turnirlərdə iştirak edəcəyi demək deyil" - MÜSAHİBƏ Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu "Report"un suallarını cavablandırıb.
Fərdi
2 Dekabr , 2024 12:05
ACF rəsmisi: Azərbaycan çempionu olmaq hansısa cüdoçunun nüfuzlu turnirlərdə iştirak edəcəyi demək deyil - MÜSAHİBƏ

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu "Report"un suallarını cavablandırıb. O, başa çatan ölkə çempionatı ilə bağlı danışıb. ACF rəsmisi olimpiya çempionları Hidayət Heydərov ilə Zelim Kotsoyevin yarışa qatılmaması və karyerasını bərpa etmiş Elmar Qasımov barədə də fikirlərini bölüşüb.

- İlk olaraq Azərbaycan çempionatı ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Üç gün davam edən turnirlə bağlı nə deyə bilərsiniz?
- Yarış yeni olimpiya tsiklində ilk Azərbaycan çempionatı idi. Böyüklər arasında həm kişilərdə, həm də qadınlarda milli komandanın heyətinin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Artıq hər şey sıfırdan başlayır. Hər kəsin özünü göstərmək üçün yaxşı şansı oldu. Kimsə bundan istifadə edə bildi. Amma hesab edirik ki, yarış yüksək səviyyədə keçdi. Təşkilatçılığı bizim qiymətləndirməyimiz təvazökarlıqdan uzaq olar. Amma əlimizdən gələni etdik ki, nümunəvi və Beynəlxalq Cüdo Federasiyasının qaydalarına tam uyğun turnir olsun. Sonuncu gündə komandalar mübarizə apardılar. Daha çox kollektiv iştirak etdi, maraqlı mübarizəyə şahidlik etdik. Cüdoda komanda yarışı həmişə sürprizlərlə yadda qalır, fərqli atmosferdə baş tutur. Dünən də bunu gördük. Onu da demək istəyirəm ki, tribunalar dolu idi. Azarkeşlər idmançılara dəstək verirdilər. Biz də federasiya olaraq əlimizdən gələni edəcəyik ki, bundan sonra da ölkə çempionatlarını bu səviyyədə keçirək.

- Yarışda milli komandanın üzvləri də iştirak edirdilər. Sizin üçün gözlənilməz nəticələr qeydə alındımı? Məsələn, 66 kq çəki dərəcəsinin lideri Balabəy Ağayev qızıl medal qazana bilmədi.
- İlin axırıdır. Hər idmançının formada olduğu vaxtlar olur. Hüseyn Allahyarov həmin çəkidə qızıl medal əldə etdi. O, iki həftə əvvəl U-23 Avropa çempionatında da eyni nəticəni qazanmışdı. Görünən odur ki, Hüseyn ilin sonunadək yaxşı forma yığıb. Finalda Əhməd Yusifova qalib gəldi. O da aparıcı cüdoçularımızdan hesab edilir. Buna ancaq sevinə bilərik. 60 kq-da və digər çəkilərdə yeni adlar var. Rəqabət Balabəyə, Əhmədə, Hüseynə, hazırda əsgərlikdə olan Turan Bayramova müsbət təsir edəcək.

- Başqa hansı cüdoçuları fərqləndirə bilərsiniz?
- 66 kq-da mübarizə aparan Elşən Əsədovu da qeyd etmək istəyirəm. Gümüş medal əldə etdi. Uzun müddətdir ki, daxili yarışlarda özünü göstərməyə çalışırdı. Daha əvvəl ACF turnirlərində də mükafatçılar sırasına düşmüşdü. Göstərdi ki, milli komandanın heyətində ona da şans verilməlidir.

- 100 kq-da çıxış edən Elmar Qasımov karyerasını bərpa etdi, qızıl medal qazandı. Qarşıdakı beynəlxalq yarışlarda, Böyük Dəbilqədə ona şans verilməsi ehtimalı var?
- Onu mən deyə bilmərəm. Buna məşqçilər heyəti qərar verəcək. Özünü məşqlərdə sübut etməlidir. Azərbaycan çempionu olmaq hansısa idmançının Böyük Dəbilqə və Qran-pri kimi nüfuzlu turnirlərdə iştirak edəcəyi demək deyil. Cüdoçularımız da bunu yaxşı bilirlər. İlk növbədə məşqlərdə özünü yaxşı tərəfdən göstərməli, sınaq yarışlarına qatılmalıdır. Özünü göstərəndən sonra Böyük Dəbilqə və digər turnirlərdə iştirakla bağlı milli komandanın məşqçiləri qərar verir. Elmar titullu idmançılarımızdandır. İki ilə yaxın güləşmirdi. Millinin məşq prosesində və təlim-məşq toplanışındakı iştirak səviyyəsindən də çox şey asılıdır. Təbii ki, hər şey mümkündür. Özünü yaxşı tərəfdən göstərəcəksə, niyə də yox?

- Legionerlərdən Uşanqi Kokauri (+100 kq) ağır çəkidə çempion oldu. Növbəti olimpiya tsiklində də mübarizə aparacaq?
- O, mübarizə aparmaq və karyerasını davam etdirmək niyyətindədir. Həmin çəkidə iki aparıcı idmançımız zədə səbəbindən çıxış edə bilmirdi. Bunlar Camal Qamzatxanov və Kənan Nəsibovdur. Bizi sevindirən odur ki, ağır çəkidə də rəqabət var. Yeniyetmələrdən də yaxşı idmançılarımız gəlir. Buna Sübhan Axundovu nümunə göstərə bilərəm. Əminəm ki, Uşanqi üçün əvvəlki kimi asan olmayacaq. Hətta dünən komanda yarışında birinci turda Əjdər Bağırova uduzdu. Bir çox cüdo azarkeşləri, media nümayəndələri Uşanqi haqqında yaxşı fikirdə olmurlar. Fakt odur ki, o, hazırda Azərbaycanda bu çəkinin bir nömrəsidir. Rəqabətdə özlərini göstərsinlər. Uşanqi görsə ki, onu qabaqlayan var, həmin vaxt karyerasını bitirəcək.

- Olimpiya çempionları Hidayət Heydərov ilə Zelim Kotsoyev Azərbaycan çempionatına qatılmadılar. Bu, öz istəkləri ilə bağlı idi?
- Parisdəki olimpiadadan sonra onlara istirahət verilib. Parisdəki yarışdan sonra üç idmançımız əməliyyat olundu. Ona görə yarışa qatıla bilmədilər. Amma digərləri iştirak etdilər. Hidayətlə Zelimə isə istirahət verilmişdi. Onların mövsümə daxil olmaq prosesi fərqlidir. Məşqçilərin qərarı belə oldu ki, ölkə çempionatına qatılmasınlar. Amma artıq məşqlərə başlayıblar. Milli komandada öncə testlər, daha sonra isə təlim-məşq toplanışı olacaq. Növbəti ildən plana uyğun olaraq hazırlıq prosesinə davam edəcəyik. Önəmli məsələlərdən biri də odur ki, cüdoda yeni qaydalar elan ediləcək. Bu, dekabrın 14-15-də Beynəlxalq Cüdo Federasiyasının İstanbuldakı texniki seminarında baş tutacaq. Qaydalar da çox önəmlidir. Radikal dəyişikliklər, ayaqdan tutmaları geri qaytara bilərlər. Cüdonun taktiki, texniki və fiziki hazırlığına təsir edən qərarlar olacaq.

Son xəbərlər

Orphus sistemi