Azərbaycan çempionatında bütün regionlardan cüdoçuların iştirakı çox sevindiricidir.
"Report" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında keçirlən ölkə çempionatının açılış mərasimində ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
Qurum rəsmisi iştirakçılara uğurlar arzulayıb:
"Bu turnir idmançıların karyerasında potensial dönüş nöqtəsi ola bilər. Onların bu şanslardan maksimim yararlanacağına əminik. Paris olimpiadasındakı nəticələrimiz, ümid edirəm ki, bütün idmançılarımız üçün mənbə rolunu oynayacaq".
R.Rəsullu qadın cüdoçulara ümidlərin böyük olduğunu söyləyib:
"İnanıram ki, qadın cüdoçularımız da qarşıdakı Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşə biləcəklər. Qazanılan uğurların təməlində Prezident İlham Əliyevin idmana, o cümlədən cüdoya verdiyi dəstək dayanır. Biz də federasiya rəsmiləri olaraq öz növbəmizdə etimadı doğrultmağa çalışacağıq və əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycan çempionatı Bakı İdman Sarayında keçirilir. Yarışa dekabrın 1-də yekun vurulacaq.