50 yaşlı Əli İsmayılov: İndiyə qədər heç kim Azərbaycana MDB kəmərini gətirməmişdi

50 yaşlı Əli İsmayılov: İndiyə qədər heç kim Azərbaycana MDB kəmərini gətirməmişdi Kəmərin üzərində MDB ölkələrinin həmçinin Azərbaycan bayrağı da yer alıb. İndiyə qədər Azərbaycana heç kim MDB kəmərini gətirməmişdi.
Fərdi
14 İyun , 2024 11:34
50 yaşlı Əli İsmayılov: İndiyə qədər heç kim Azərbaycana MDB kəmərini gətirməmişdi

İndiyə qədər heç kim Azərbaycana MDB kəmərini gətirməmişdi.

Bunu “Report”a açıqlamasında Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov MDB ölkələri kəməri uğrunda qalib gəldiyi döyüşlə bağlı danışarkən deyib.

50 yaşlı boksçu kəməri müdafiə etmək məqsədinin olduğunu bildirib: “MDB ölkələri kəməri uğrunda dağıstanlı boksçu Rəsul İbrahimovla döyüşdüm. Qarşılaşma yaxşı keçdi, kəməri qazandım. Bundan sonra onu müdafiə etmək məqsədim var”.

O, MDB ölkələri kəməri uğrunda yarışa 3 ay hazırlaşdığını vurğulayıb: “Üç ay kifayət etdi. Hazırlığı 3 mərhələyə bölmüşdük. Birinci ayda ümumi, ikinci ayda xüsusi fiziki hazırlıq keçdik. Üçüncü ayda fiziki-taktiki cəhətdən hazırlaşdıq, sınaqçı-rəqiblərlə işlədik. Hissiyyat və sürəti tam bərpa etdim, çox yaxşı formada idim. Heç kim inanmırdı. Hər kəs rəqibi favorit görürüdü. Bir sözlə, sensasiya oldu”.

Azərbaycan millisinin sabiq kapitanı peşəkar rinqə qayıtmaq məqsədini açıqlayıb: “Həm vaxtım oldu, həm də pandemiya dönəmində Mayk Taysona baxa-baxa yaxşı mənada “xəstələndim”. Düşündüm ki, 57 yaşlı Tayson bunu bacarırsa, mən 50 yaşımda niyə etməyim? Artıq 8 döyüş keçirmişəm. Bu, doqquzuncu idi. Döyüş Rusiya telekanallarında canlı yayımlanırdı. Şərhçilər məni müsbət qiymətləndirirdilər. Fiziki durumum qaydasındadır. Düzgün məktəb olduqdan sonra hər şey normal keçir. Bu, avtomobil idarə etmək, üzmək kimidir. Əzələ yaddaşını bərpa etdikdən sonra formaya düşürsən və gənclərə dərs keçməyə başlayırsan (gülür)”.

Ə.İsmayılov qarşıdakı planları haqda məlumat verib: “Hazırkı kəmərimi müdafiə etməliyəm. Ümumiyyətlə, MDB ölkələri kəməri uğrunda döyüşlər son illərdə keçirilir. Mən də özümü yoxlamaq istədim. Hər halda, kiçik titul deyil. Daha sonra dünya və Avropa titulları uğrunda yarışacağam. Sağlamlıq icazə verirsə, niyə də yarışmayım? Corc Forman 50 yaşında dünya çempionu olub. Roy Cons 48, Evander Holifild 52 yaşında çempionluğu qazanıb. Həyatına normal davam edirsənsə, içki içmir, siqaret çəkmirsənsə, düzgün qidalanırsansa, normal yuxu rejimin varsa, idmançı karyeran uzun müddət davam edə bilər”.

Qeyd edək ki, Əli İsmayılov Moskvada təşkil olunan boks gecəsində birinci ağır çəki dərəcəsi üzrə MDB ölkələrinin kəmərini qazanıb. 50 yaşlı boksçu indiyədək məğlubiyyətin nə olduğunu bilməyən rəqibi Rəsul İbrahimova ikinci raundda texniki nokautla qalib gəlib.

Son xəbərlər

Orphus sistemi