Yuxarı
    Bağlamaq

    2015-ci ildə antidopinq qaydalarını pozmuş Azərbaycan idmançılarının adları müəyyənləşib

    Onlar ağırlıqqaldırma, atletika və güləş idman növlərində təmsil olunurlar

    Bakı. 5 aprel. REPORT.AZ/ 2015-ci ildə antidopinq qaydalarını pozmuş Azərbaycan idmançılarının adları məlum olub.

    "Report"un məlumatına görə, 9 belə hal ağırlıqqaldırma, atletika və güləş növlərində ilin müxtəlif vaxtlarında baş verib.

    Sərbəst güləşçi Turxan Qurbanov 2015-ci ilin iyununda Türkiyənin İstanbul şəhərində 96 kq. çəki dərəcəsində 5-ci yeri tutduğu Avropa çempionatı zamanı dopinq-testdən imtina edib. Bu səbəbdən, Dünya Güləş Birliyi onu 4 il müddətinə bütün yarışlardan kənarlaşdırıb.

    Ağırlıqqaldıranlar Dadaş Dadaşbəyli, Elxan Əliquluzadə, Firudin Quliyev, Valentin Xristov, İntiqam Zairov və Silviya Angelova 2015-ci ilin dekabrında dünya çempionatı zamanı dopinq-testdən keçə bilməyiblər. Əliquluzadə, Quliyev və Xristovdan yalnız istifadəsi qadağan olunmuş nandrolon aşkarlanıb. Angelova və Zairovdan nandrolondan əlavə, dehidroxlorometiltestosteron, Dadaşbəylidən isə nandrolonla yanaşı, boldenon aşkarlanıb. Dadaşbəyli 2019-cu ilədək, qalanları isə 2023-cü ilədək diskvalifikasiya olunublar.

    Atletlərə gəldikdə, "Bakı 2015" I Avropa Oyunları zamanı qadınlar arasında 3000 metr məsafəyə qaçışda birinci yeri tutmuş Çaltu Bejinin osterindən istifadə etdiyi aşkarlanıb. Efiopiyalı legioner 2019-cu ilədək cəzalandırılıb.

    Kişi atletin kimliyi isə yenicə aşkarlanıb. Bu, çəkicatan Dmitri Marşindir. Belaruslu legioner 2015-ci ilin mayında karyerasında ikinci dəfə Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, I Avropa Oyunlarında çıxış edərək, 3-cü yeri tutub. Lakin həmin ilin noyabrında Dmitri Marşinin "Rio-2016"ya lisenziyasının ləğv olunduğu, özünün isə Azərbaycan yığmasını tərk etdiyi açıqlanıb. Ancaq həmin vaxt Azərbaycan Atletika Federasiyası bu qərarın səbəbini açıqlamayıb.

    Ümumdünya Antidopinq Agentliyinin (WADA) hesabatı dərc olunduqdan sonra atletika yığmasının baş məşqçisi Məhərrəm Sultanzadə "Report"a açıqlamasında Marşinin məhz dopinq-testdən keçə bilmədiyi üçün yığmanı tərk etdiyini bildirib. Onun sözlərinə görə, hazırda 45 yaşı olan atletdən istifadəsi qadağan olunmuş preparat "Bakı 2015"dən sonra Belarusda aşkarlanıb. Bu səbəbdən, təcrübəli idmançı 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Belədə yaşının çoxluğu da nəzərə alınaraq, Marşinlə əməkdaşlığa son qoyulub.

    Qeyd edək ki, WADA 2015-ci ildə ümumilikdə 122 ölkədən 85 növ üzrə 1929 qayda pozuntusu aşkarlayıb. Azərbaycan bu göstəricidə 46-cı yerdədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi