Azərbaycanın enerji sisteminin qoyuluş gücü 2025-ci ildə 8 976 MVt-a çatıb.
"Report" xəbər verir ki, bu barədə “AzərEnerji” ASC-nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2018-ci illə müqayisədə 2025-ci ildə Azərbaycanın (Naxçıvan Muxtar Respublikasının enerji sistemi daxil olmaqla) ümumi enerji sisteminin qoyuluş gücü 2 676 MVt artırılaraq 6 300 MVt-dan 8 976 MVt-a yüksəlib: "Bu artım fonunda bərpa olunan enerji mənbələrinin (BOEM) enerjisistemdəki payı da 2,5 faiz bəndi artaraq 4,2 %-ə çatdırılıb. Hazırda Azərbaycanın enerji sistemi üzrə qoyuluş gücünün strukturunda bu nisbətlərdə qeydə alınıb: İstilik Elektrik Stansiyaları – 7 199,5 MVt (ümumi qoyuluş gücünün 80,2 %-i), Su Elektrik Stansiyaları (KSES-lər daxil olmaqla) – 1 397,4 MVt (15,6 %), Günəş Elektrik Stansiyaları – 279 MVt (3,1 %), Külək Elektrik Stansiyaları – 55,6 MVt (0,61 %), Hibrid Elektrik Stansiyaları – 7,5 MVt (0,008 %), Biokütlə Enerjisi – 37 MVt (0,41 %)".
Y.Qarayev deyib ki, ümumilikdə, BOEM-lərin enerji sistemdəki payı 379,1 MVt ilə 4,2 % təşkil edir: "Bu dinamika Azərbaycan enerji sektorunun şaxələndirilməsi, təbii resurslardan səmərəli istifadə və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".