Yunanıstanın idxal etdiyi qazın təxminən 20 %-i Azərbaycanın payına düşür
- 11 iyul, 2024
- 13:54
Yunanıstan 2024-cü ilin yanvar-iyun aylarında Trans-Adriatik Boru Qaz Kəməri (TAP) vasitəsilə 6,03 teravatt-saat təbii qaz alıb ki, bu da bu dövr ərzində ölkəyə idxal olunan bütün qazın 19,52 %-ni təşkil edir.
"Report" xəbər verir ki, bu barədə Yunanıstanın təbii qaz nəqli sisteminin DESFA operatorunun məlumatında deyilir.
Ümumilikdə, Yunanıstan bu dövrdə 30,93 teravatt-saat təbii qaz idxal edib ki, bu da ötən ilin I yarısı ilə müqayisədə 8,14 % azdır.
Boru kəməri qazının giriş nöqtəsi olan "Sidirokastro" ölkəyə “mavi yanacağ”ın daxil olması üçün “əsas qapı”dır ki, bu da bütün idxalın təxminən 50,76 %-ni və ya 15,7 teravatt-saatı (2,2 dəfə çox) təşkil edib.
Ondan sonra isə “Aqia Triada” (Revitus mayeləşdirilmiş təbii qaz terminalı) gəlir - bütün tədarüklərin 29,74 %-i və ya 9,2 teravatt-saat (50,8 % az).
“TAP vasitəsilə “Nea-Mesimvriya” giriş nöqtəsi vasitəsilə ölkəyə Azərbaycan qazının 19,52 %-i və ya 6,03 teravatt-saat (11,1 % az) tədarük edilib”, - məlumatda vurğulanıb.
Bu müddət ərzində Yunanıstan-Türkiyə sərhədindəki "Kipoy" keçid məntəqəsindən heç bir həcmlər daxil olmayıb.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.