Yunanıstana idxal olunan qazın 19,8 %-i TAP vasitəsilə tədarük edilib
- 15 oktyabr, 2024
- 14:20
Yunanıstan bu ilin yanvar-sentyabr aylarında Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 9,61 teravatt/saat (TV/s) təbii qaz alıb ki, bu da həmin dövr ərzində ölkəyə idxal olunan bütün qazın 19,8 %-ni təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Yunanıstanın qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin məlumatında bildirilib.
“TAP vasitəsilə Nea-Mesimvria giriş nöqtəsindən ölkəyə 9,61 TVs qaz idxal olunub. Bu isə 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,52 % azdır”, - məlumatda qeyd olunub.
Ümumilikdə, Yunanıstan bu dövrdə 48,51 TVs təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,9 % azdır.
Qeyd edək ki, Azərbaycan qazının “Şahdəniz” qaz-kondensat yatağından Trans-Adriatik Qaz Kəməri ilə Avropaya tədarükü 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.