Yunanıstan parlamenti Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana ixrac edilməsi üçün nəzərdə tutulan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria, IGB) tikintisinə icazə verən qanun layihəsini ratifikasiya edib.
“Report”un məlumatına görə, bu barədə Yunanıstanın ANMA milli informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, qanun layihəsi həmçinin “EastMed Gas Forum” (EMGF) təsisçi müqaviləsinin təsdiqini nəzərdə tutur.
Məlumata görə, Bolqarıstan tərəfi İGB əməkdaşlığı ilə bağlı ikitərəfli müqaviləni ratifikasiya edib. Bu, Yunanıstan və Bolqarıstan təbii qaz boru kəmərləri şəbəkəsinin birləşdirilməsinə imkan verəcək.
Yunanıstanın energetika və ətraf mühit naziri Kostas Skrekas qeyd edib ki, İGB layihəsi artıq reallaşmaqdadır. O bildirib ki, boru kəmərinin tikintisinin 52 %-i artıq yekunlaşıb və onun tikintisinin 2021-ci ilin sonunda yekunlaşacağı gözlənilir.
Onun sözlərinə görə, İGB layihəsi Yunanıstanın geostrateji mövqeyini yaxşılaşdıracaq: “Çünki ölkə müxtəlif mənbələrdən Avropa bazarı üçün təbii qazın ötürülməsində qapı rolunu oynayacaq: “Yeni boru kəməri Azərbaycan qazının Yunanıstan üzərindən Avropaya ötürülməsini həyata keçirəcək Trans-Adritik Qaz Boru Kəməri (TAP) ilə birləşəcək. Həmçinin, Yunanıstanın şimalında yerləşən Aleksandroupolisdəki sıxılmış təbii qaz (LNG) terminalı kimi digər layihələrlə birləşəcək.
Skrekas vurğulayıb ki, forumun məqsədi rəqabətyönümlü qiymətlərlə bölgənin enerji təhlükəsizliyinin təminatını həyata keçirməkdir.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.