Yuxarı

Yunanıstan-Azərbaycan Ticarət Palatası DESFA üzrə dialoqun bərpasının tərəfdarıdır

Palata: SOCAR-la razılaşma ləğv olunarsa, bu, ölkələrin biznes münasibətlərinə təsir edəcək

Bakı. 6 sentyabr. REPORT.AZ/ Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi üzrə tenderdə qalib gəlmiş Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə razılaşma ləğv olunarsa, bu, hər iki ölkənin biznes maraqlarına ziyan vuracaq.

"Report" Yunanıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Yunanıstan-Azərbaycan Ticarət Palatası bəyanat yayıb.

Qeyd olunub ki, Yunanıstan hökuməti tərəfindən sonunda razılaşmanın ləğv olunmasına gətirib çıxaracaq hər hansı gecikdirmə yaxud birtərəfli dəyişiklik Palatanın iki ölkə arasında biznes əlaqələrinin inkişafı ilə bağlı yaratdığı fəaliyyətə sıxıntı yaradacaq.

Palata Yunanıstan hökumətini DESFA ilə bağlı boşluğu aradan qaldırmaq üçün SOCAR-la mümkün dialoqa dəvət edir. Palatadan qeyd olunub ki, DESFA üzrə razılaşmanın tamamlanması Azərbaycan tərəfindən Yunanıstana investisiyaların cəlbinə müsbət təsir edəcək.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar. İtaliyanın "Snam" şirkəti 17%-in alınmasında maraqlıdır.

Bu ilin iyulunda Yunanıstanın energetika naziri Panos Skurletis tərəfindən DESFA-nın biznesinə birbaşa təsir edəcək mövcud qanunvericiliyə bəzi dəyişikliklər təklif olunub. Parlamentdə qəbul edilən bu dəyişiklik DESFA-nın dəyəri və gələcək mənfəətini dramatik şəkildə azaldır.

Ötən gün SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib ki, DESFA-nın özəlləşdirilməsi ilə bağlı tender prosesinə zidd hərəkət olub, əvvəldən danışılmış qaydalar pozulub və hazırda SOCAR Yunanıstan hökumətindən əsaslandırma gözləyir.

"Dəyişdirilmiş qayda ilə DESFA-nın qiyməti iki dəfə aşağı olmalıdır. Əgər gəlirlilik aşağı salınıbsa, şirkətin qiyməti də əvvəlki qiymət olmamalıdır. Hazırda Yunanıstan hökuməti ilə danışıqlar aparılır", - deyə SOCAR prezidenti bildirib.

SOCAR-ın DESFA-nın alınmasından imtina edib-etməyəcəyinə gəlincə isə R.Abdullayev qeyd edib ki, SOCAR tenderdə qalib gəlib və imtina etməyəcək: "Biz sona qədər öz haqqımızı qoruyacağıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi