Yanvarda Azərbaycandan Türkiyəyə ixrac edilən neftin həcmi 1,5 dəfədən çox artıb
- 19 fevral, 2025
- 14:19
Bu ilin yanvar ayında Azərbaycan Türkiyəyə 8 min 641,65 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 4 milyon 228,79 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin yanvar ayı ilə müqayisədə 1,6 dəfə, dəyəri isə 1,5 dəfə çoxdur.
Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 0,25 % olub.
Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 1 milyard 903 milyon 035,78 min ABŞ dolları dəyərində 3 milyon 460 min 826,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat ayında Azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon ABŞ dolları ixracın, 2 milyard 52 milyon ABŞ dolları isə idxalın payına düşüb.