Yanvarda Azərbaycan Türkmənistandan qaz idxalını 2,5 dəfə artırıb
- 02 aprel, 2024
- 13:15
Bu ilin yanvar ayında Azərbaycan Türkmənistandan 161 milyon 309,35 min kubmetr təbii qaz idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Türkmənistandan Azərbaycana ixrac edilən təbii qazın dəyəri 24 milyon 196,4 min ABŞ dolları təşkil edib.
Bu, 2023-cü ilin ilk ayı ilə müqayisədə həcm baxımından 96 milyon 913,01 min kubmetr və ya 2,5 dəfə, məbləğ baxımından isə 15 milyon 180,91 min ABŞ dolları və ya 2,7 dəfə çoxdur.
Bu ilin yanvar ayında Azərbaycan bütün təbii qaz həcmlərini Türkmənistandan idxal edib. Bu göstərici ötən ilki həcmlərlə müqayisədə 150 min 638,93 ton və ya 48,3 % azdır. Məbləğ baxımından isə ölkəyə idxal edilən ümumi neft həcmlərinin dəyəri illik müqayisədə 30 milyon 616,2 min ABŞ dollar və ya 2,3 dəfə azdır.
Qeyd edək ki, 2021-ci ilin noyabr ayında Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (svop) haqqında üçtərəfli saziş imzalanıb. Sazişə əsasən, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük edəcək. 2022-ci ilin yanvar ayında gündəlik 5-6 milyon kubmetr həcm ilə qazın Azərbaycana nəqlinə başlanıb. Mart ayına qədər gündəlik qaz nəqlinin həcmi 7 milyon kubmetrədək artıb. 2022-ci ilin iyun ayında İran və Azərbaycan Türkmənistandan Azərbaycana İranın boru kəməri vasitəsilə illik qaz tədarükünü iki dəfə artırmağa dair razılığa gəlib.
Hazırda Azərbaycan Türkmənistanla şərtlərin yenilənməsi ilə bağlı danışıqları davam etdirir. Bu proses yekunlaşanadək Türkmənistan qazının Azərbaycana tədarükü dayandırılıb.