Yanvarda Azərbaycan polipropilen ixracını 63 %-dən çox artırıb

Energetika
  • 15 fevral, 2023
  • 10:34
Yanvarda Azərbaycan polipropilen ixracını 63 %-dən çox artırıb

Bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 10 min 628,75 ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 9 milyon 647,79 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 63,5 % çox və 6,4 % azdır.

Bu ilin yanvar ayı ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,39 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracındakı payı 0,51 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Aylıq xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.