Yanvarda Azərbaycan metanol ixracını 12 %-dək artırıb

Energetika
  • 15 fevral, 2023
  • 11:07
Yanvarda Azərbaycan metanol ixracını 12 %-dək artırıb

Bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 41 min 582,75 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 8 milyon 441,3 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 11,7 % çox və 29,1 % azdır.

Bu ilin yanvar ayı ərzində metanolun qeyri-neft sektoru üzrə ixracda payı 2,97 % olub. Hesabat dövründə ilkin formalarda metanolun ölkənin ümumi ixracdakı payı 0,45 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Aylıq xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.