Yanvarda AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb
- 13 fevral, 2024
- 10:52
Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan bu ilin yanvar ayında 1,1 milyard kubmetr təbii qaz hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 0,1 milyard kubmetr və ya 8,34 % azdır.
“Şahdəniz” yatağından qaz hasilatı isə il ərzində 0,2 milyard kubmetr və ya 9,09 % artaraq 2,4 milyard kubmetr təşkil edib Yanvarda “Şahdəniz” yatağından hasil edilən qazın 1,9 milyard kubmetri ixraca nəql edilib ki, bu da 2023-cü ilin ilk ayı ilə müqayisədə 0,1 milyard kubmetr və ya 5 % azdır.
Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku və “Şahdəniz” yatağı istismara veriləndən bu ilin fevralın 1-nə qədər “Azəri-Çıraq-Günəşli”dən 217,4 milyard kubmetr, “Şahdəniz”dən isə 211,4 milyard kubmetrə yaxın qaz hasil edilib. “Şahdəniz” yatağından hasil edilən qazın 150 milyard kubmetr həcmi ixraca nəql edilib.
"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.