“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) tam istismara verilməsi gələn ilin son rübünə planlaşdırılır.
“Report” xəbər verir ki, bunu Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev "Bakı Gəmiqayırma Zavodu" MMC-də stansiyasının pərlərinin Bakıya gətirilməsi ilə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, bu ayın sonuna qədər 8 külək turbininin hissələri əraziyə çatdırılacaq: "Onun pərinin birinin uzunluğu 84 metrdir. Quraşdırılacaq qurğunun hündürlüyü isə 100 metrdən artıqdır. Abşeron ərazisində 12, Xızıda isə 25 belə turbinin quraşdırılması nəzərdə tutulub. 6 ədəd turbinin bünövrəsi hazırdır. Turbinə uyğun kifayət qədər böyük bünövrələr təchiz olunub. Bir sözlə, logistik çətinliklər aradan qalxıb və turbinlər Azərbaycana çatdırılıb. Turbinlərin istehsalı tam başa çatıb və hissə-hissə müvafiq nəqliyyat vasitələri ilə ünvanlara çatdırılır”.
C.Abdullayev vurğulayıb ki, stansiyanın istismara verilməsi 220 milyon kubmetrə qədər təbii qazın sərbəstləşdirilməsi deməkdir: “Bu həcmləri ixrac etmək olar ki, bu da 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək”.