“Azərbaycan qazının nəql olunacağı növbəti Avropa İttifaqı (Aİ) ölkəsi Rumıniya olacaq, beləliklə, Azərbaycandan “mavi yanacaq" alan Aİ ölkələrinin sayı 4-ə çatacaq”.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu daha da artıb: "Belə ki, iyulun 18-də Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb ki, bu da yaxın 5 ildə Azərbaycan qazının Avropaya tədarükünü iki dəfə artırmağa, həmçinin bərpa olunan enerji sahəsində əməkdaşlığı gücləndirməyə imkan verəcək. Oktyabr ayında Sofiyada Yunanıstan-Bolqarıstan qaz kəməri istifadəyə verilib. Dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən Azərbaycan gələn il yanvarın 1-dən etibarən Rumıniyaya qaz tədarük etməyə başlayacaq. Bununla da Azərbaycan qaz nəql etdiyi Aİ ölkələrinin sayı 4-ə çatacaq”.