Vüqar Rəhimzadə: "Bakı Enerji Həftəsi mövqeyimizin güclənməsindən xəbər verir"

Vüqar Rəhimzadə: "Bakı Enerji Həftəsi mövqeyimizin güclənməsindən xəbər verir" Bakı Enerji Həftəsində 37 ölkədən 300-ə qədər şirkətin qatılması beynəlxalq tədbirin aktuallığını təsdiqləməklə yanaşı, Azərbaycanın mövqeyinin güclənməsindən xəbər verir.
Energetika
5 İyun , 2024 16:20
Vüqar Rəhimzadə: Bakı Enerji Həftəsi mövqeyimizin güclənməsindən xəbər verir
Vüqar Rəhimzadə

Bakı Enerji Həftəsində 37 ölkədən 300-ə qədər şirkətin qatılması beynəlxalq tədbirin aktuallığını təsdiqləməklə yanaşı, Azərbaycanın mövqeyinin güclənməsindən xəbər verir.

Bunu "Report"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

"Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir tədbirdə iştirak edir. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 %-i isə tanınmış şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarına məxsusdur", - deyə o qeyd edib.

"Azərbaycanın iqtisadi imkanlarının təqdimatına, investorların ölkəmizə gəlişinə yol açan sərgi bu gün Bakı Enerji Həftəsi adı ilə özündə mühüm tədbirləri ehtiva edir. Ən əsası hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsinin Bakı Enerji Həftəsində müzakirə olunan mövzular sırasına daxil edilməsi Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji sektorunda da dövrün çağırışlarını yüksək səviyyədə cavablandırdığını nümayiş etdirir", - deyə V.Rəhimzadə əlavə edib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemianın Azərbaycanı regionda və Avropada enerji təhlükəsizliyinin irəlilədilməsində etibarlı tərəfdaş adlandırması bunu bir daha sübut edir: "Amerikalı diplomat, həmçinin belə bir əminlik ifadə edib ki, COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan etibarlı enerji təchizatçısı kimi iqlim hədəflərinə nail olunması və qlobal enerjiyə keçidin sürətləndirilməsi üçün öz mövqeyindən istifadə edə bilər".

Azərbaycanın bərpaolunan enerji potensialından, yeni əməkdaşlıq imkanlarının yaradılmasından geniş bəhs edən V.Rəhimzadə diqqəti 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasına yönəldib.

"Dövlət başçısı məhz bu təməlqoyma mərasimini önə çəkərək bildirdi ki, bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaq. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkətinin inşa edəcəyi üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə yadda qalacaq. Bu, Azərbaycanın və beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyinin anonsunu verir", - deyə professor vurğulayıb.

Son xəbərlər

Orphus sistemi