Vitali Bəylərbəyov: “SOCAR üzrə hasilat səviyyəsinin sabit qalması proqnozlaşdırılır”

Vitali Bəylərbəyov: “SOCAR üzrə hasilat səviyyəsinin sabit qalması proqnozlaşdırılır” SOCAR rəsmisi KİV-də yayılanlara aydınlıq gətirib
Energetika
194
28 Aprel , 2017 16:39
Vitali Bəylərbəyov: “SOCAR üzrə hasilat səviyyəsinin sabit qalması proqnozlaşdırılır”

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) marketinq və iqtisadi əməliyyatlar üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov aprelin 25-də II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft-Kimya” Forumunda çıxışına istinadən KİV-lərdə yayılan bəzi yanlışlara aydınlıq gətirib.

"Report"un verdiyi xəbərə görə, o qeyd edib ki, neft hasilatının azalması ilə bağlı 7-10% göstəricinin, səhv olaraq, birillik dinamika kimi təqdim edilməsi anlaşılmazlıqdır: “Çıxışım zamanı qeyd etmişəm ki, Azərbaycanda neft hasilatında son illər ərzində, yəni son 5-6 il ərzində cəmi 7-10% azalma olub. Beləliklə, illik təbii azalma orta hesabla 1,5-2% təşkil edib. Hasilatın bu cür təbii azalması normal haldır. Əlbəttə, təbii azalmanın kompensasiyası üçün mütəmadi tədbirlər görülür. Beləliklə, hasilat bir il cüzi azalıb, növbəti ildə bir az da arta bilər. Gələcək illərdə SOCAR üzrə hasilat səviyyəsinin orta hesabla sabit qalması proqnozlaşdırılır”.

SOCAR rəsmisi qeyd edib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokuna 2016-cı ilin sonuna qədər sərf olunan əsaslı xərclərin həcmi 30 mlrd. dollar məbləğindən artıq olub.

“Aprelin 25-də adı çəkilən Forumda çıxışımda ya sinxron tərcümə, ya digər səbəblərdən müəyyən anlaşılmazlıq baş verib, bu da KİV-də yanlış məlumatların yayılmasına səbəb olub. KİV-lərdə AÇG-yə 30 mlrd. dollardan çox sərmayə qoyulduğu qeyd olunub. Daha sonra bu rəqəmin kiçik rəqəm olduğu və ötən ilin iyununda SOCAR prezidenti Rövnəq Abdullayevin “Caspian Oil & Gas” konfransında çıxışında qeyd etdiyi 40 mlrd. dollardan çox (41 mlrd. dollar) məbləğlə uyğun gəlmədiyi yazılıb. Məsələ burasındadır ki, tədbir zamanı qeyd etdiyim 30 mlrd. dollardan çox vəsait (33 mlrd. dollar) AÇG-yə çəkilən yalnız əsaslı xərcləri, SOCAR prezidentinin qeyd etdiyi rəqəm isə əsaslı və əməliyyat xərclərini əks etdirib”.