Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarlarının doluluq səviyyəsi 90 %-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O bildirib ki, bu, planlaşdırılan vaxtdan daha tez həyata keçirilib.
U. Lyayen qeyd edib ki, bu, Avropa İttifaqı ölkələrinin qış aylarında təhlükəsizliyini təmin edəcək: “Biz birgə Rusiya qazından istifadəni unuduruq. Həmçinin, gələcək üçün daha müxtəlif enerji təchizatı mənbələri üzərində paralel iş aparırıq”.
Qeyd edək ki, Azərbaycan Xəzər dənizində hasil edilən təbii qazı Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) vasitəsilə Avropa ölkələrinə ixrac edir. Azərbaycan qazının TAP ilə Avropaya tədarükünə 2020-ci ilin sonunda başlanılıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycan ilə Aİ arasında imzalanmış sazişə uyğun olaraq, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.
Yunanıstan-Bolqarıstan qaz kəməri isə 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ı Bolqarıstana nəql edir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının təxminən 74,66 %-ni ödəyir.