Ukrayna birjasında Azərbaycan neftinin yekun satış hərracı keçirilib

Ukrayna birjasında Azərbaycan neftinin yekun satış hərracı keçirilib Hərracda “Azeri Light” markalı 11,8 min ton neft satılıb
Energetika
19 Sentyabr , 2017 17:37
Ukrayna birjasında Azərbaycan neftinin yekun satış hərracı keçirilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Ukrtransnafta” şirkəti Ukrayna Energetika Birjasında keçirilən hərracda “Azeri Light” markalı neftin yekun həcmini də satıb.

“Report” xəbər verir ki, “Ukrtransnafta”nın baş direktorunun I müavini Andrey Pasişnik “Enkorr” saytına bildirib ki, hərracda “Ukrtatnafta” (Kremençuq Neft Emalı Zavodunun operatoru) 10 min ton neft alıb.

Onun sözlərinə görə, qalan 1,8 min ton nefti isə “Ukrqazdobıça” şirkəti Şebelinsk Qaz Emalı Zavodu üçün alıb.

Qeyd edək ki, iyulun əvvəlində “Ukrtransnafta” şirkətinin Kremençuq Neft Emalı Zavodunda saxlanılan 42,8 min ton həcmində Azərbaycan nefti olub. İyulun 11-də ilk elektron hərrac keçirilib. Həmin hərracda “Ukrqazdobıça” şirkəti 5 min ton “Azeri Light” markalı nefti alıb. "Ukrtransnafta” şirkətinin baş direktorunun I müavini Andrey Pasişnik ayın əvvəlində bildirib ki, şirkət bu ay ərzində Kremençuq zavodunda saxlanılan 37 min ton həcmindəki “Azeri Light” markalı neftin hamısını satışa çıxarmağı planlaşdırır. Bu ay ərzində bir neçə hərrac keçirilib.

Azərbaycan neftinin satışı üçün hərrac differensial rejimdə keçirilir. Neft Kaqamlık dəmiryolu stansiyasında (Kremençuq Neft Emalı Zavodu) FCA (Free Carrier) şərtləri ilə satılır.

Son xəbərlər

Orphus sistemi