Türkmənistandan Azərbaycana "Premium" benzin idxalı kəskin artırılıb

Energetika
  • 18 oktyabr, 2022
  • 05:54
Türkmənistandan Azərbaycana Premium benzin idxalı kəskin artırılıb

2022-ci ilin ilk 8 ayı ərzində Azərbaycan 72,019 milyon ABŞ dolları dəyərində 71 min 705 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,4 %, kəmiyyət olaraq – 33,8 % azdır.

Hesabat dövründə Rusiyadan 45,598 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38,3 % çoxdur) 45 min 352 ton (-5,2 %), Bolqarıstandan 11,846 milyon ABŞ dolları dəyərində 10 min 456 ton, Rumıniyadan 6,506 milyon ABŞ dolları dəyərində (-81,1 %) 7 min 286 ton (-84 %), Türkmənistandan 7,747 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 8 min 196 ton (+65 %), Belarusdan 323,02 min ABŞ dolları dəyərində 413,75 ton məhsul alınıb.

Bir il 9 aylıq aradan sonra Bolqarıstandan "Aİ-95" benzinin alışı bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusdan tədarük həyata keçirilib.

Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (8 ölkədən) gətirilən 147 min 412 ton "Aİ-95" benzinin 44,5 %-i Rumıniyanın, 35,2 %-i Rusiyanın payına düşüb.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Aİ-92" benzini, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.

NEZ-də artıq bu ildən "Avro-5" standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaq. Növbəti bir il ərzində isə daha keyfiyyətli "Aİ-92" benzinin istehsalı və nəhayət "Avro-5" standartına cavab verən "Aİ-92" və "Aİ-95" benzinlərinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur. Hal-hazırda ölkədə "Aİ-95" markalı avtomobil benzini istehsal olunmur.

Son xəbərlər

Bütün Xəbər Lenti