Yuxarı

​Türkmənistanda “Şərq-Qərb” qaz kəmərinin açılış mərasimi keçiriləcək

Azərbaycana göndərilən dəvət məktubunda enerji sahəsində iki ölkə arasında əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsinin yüksək olduğu qeyd edilib

Bakı. 16 dekabr. REPORT.AZ/ Dekabrın 23-də Türkmənistanın Balkan vilayətində ölkənin Şərq hissəsinin iri qaz yataqlarını onun qərb regionları və Xəzər sahilləri ilə birləşdirən “Şərq-Qərb” qaz kəmərinin təntənəli açılış mərasimi keçiriləcək. Bu barədə "Report"a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Məhəmmədnur Halilov tərəfindən Azərbaycan Energetika Nazirliyinə ünvanlanan dəvət məktubunda enerji sahəsində iki ölkə arasında əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsinin yüksək olduğu qeyd edilib və bu layihə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun türkmən təbii qazının beynəlxalq bazarlara nəqlinin diversifikasiyası, enerji təhlükəsizliyinin təminatı və energetika sahəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi siyasətinin reallaşmasında mühüm rol oynayacağı göstərilir:

"Bu baxımdan“Şərq-Qərb” qaz kəməri dünya energetika məkanında Türkmənistan və onun müttəfiqlərinin birgə maraqlarının uzunmüddətli təminatına xidmət göstərən, beynəlxalq münasibətlərin yeni forma və istiqamətlərinin tapılması perspektivi vəd edən layihə kimi nəzərdən keçirilir. Bu hadisənin əhəmiyyətini nəzərə alaraq energetika naziri Natiq Əliyev “Şərq-Qərb” qaz kəmərinin təntənəli açılış mərasimində iştiraka dəvət edilib", - məktubda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi