Türkiyə Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Avropaya böyük həcmdə təbii qaz tədarük edir.
“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən beynəlxalq neft sərgi konfransında deyib.
“Bu gün Qərbi Balkan boru kəməri ilə Macarıstan, Bolqarıstan, Rumıniya və Moldovaya təbii qaz tədarük edirik. Türkiyə tədricən təbii qaz habına çevrilir”, - nazir qeyd edib.
O, həmçinin bildirib ki, Türkiyə enerji təchizatından asılılığını azaltmağa çalışır: “Buna görə də Türkiyədə neft-qaz sənayesində, həmçinin bərpa olunan enerji mənbələri sahəsində investisiyalara xüsusi diqqət yetirilir. Bundan başqa, ölkəmiz atmosferə karbon emissiyalarının azaldılmasında mühüm alət olan nüvə enerjisinə sərmayə qoymağı planlaşdırır”.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Ana xəttinin uzunluğu 1 850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Ardahan bölgəsindən başlayaraq, Ardahan, Qars, Erzurum, Erzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Edirne daxil olmaqla 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində Edirnenin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edəcək Trans-Adriatik Qaz Boru Kəmərinə birləşir.