Bakı. 30 iyun. REPORT.AZ/ Cənub Qaz Dəhlizi və TANAP layihələrinin enerji modeli qismində həm Türkiyə, həm də bütün Avropa üçün olan əhəmiyyəti və bu layihələrin regiona verəcəyi töhfələr G20 ölkələri energetika nazirlərinin iyunun 29-30-da Pekində keçirilən toplantısında müzakirə olunub.
“Report” Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Pekin iclasında beynəlxalq enerji ticarəti ilə bağlı panelə moderatorluq etmiş Türkiyənin energetika naziri Berat Albayrak iclasla bağlı təfərrüatlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, “Beynəlxalq enerji ticarətində imkanlar, gözləntilər və təhlükələr” adlı panelin əsas müzakirə mövzusunu müasir dövrdə get-gedə artmaqda olan enerji imkanları ilə yanaşı, enerji ticarəti müstəvisində yayılmaqda olan və daha da qloballaşan risklər və təhlükələr təşkil edib.
“Türkiyənin enerji siyasəti milli maraqlardan daha böyük çərçivəni əhatə edir. Təklifimiz özünə məsuliyyətli yanaşmanı tələb edir və biz bu vəzifələrin öhdəsindən gələ bilmək üçün qətiyyətlə çalışırıq. İnanıram ki, TANAP bu gərgin səylərimizin bariz nümunəsidir”, - deyə B.Albayrak qeyd edib.
“Hamı Azərbaycanla Türkiyə arasında mövcud olan sıx əlaqələrdən xəbərdardır. Biz münasibətlərimizi və iqtisadi əməkdaşlığımızı Trans-Anadolu Boru Kəməri layihəsi vasitəsilə daha da gücləndirmişik”, - deyən türkiyəli nazir əlavə edib ki, bu mühüm layihələr sözügedən sektorun əsas enerji modelləri kimi təqdim edilə bilər.
“Biz bunu əminliklə qeyd edə bilərik ki və inanırıq ki, əldə etdiyimiz qətiyyətli nailiyyət təkcə Türkiyənin deyil, həm də bütün bölgənin parlaq gələcəyinin qurulmasına xidmət edəcək”, - deyə B.Albayrak bildirib.